Baş səhifə   » TƏSVİRİ İNCƏSƏNƏT    » Qarabağın təsviri incəsənəti haqqında   

Qarabağın təsviri incəsənəti haqqında

  



Azərbaycanın qədim diyarı olan Qarabağ ərazisində ən qədim maddi mədəniyyət nümunələri e.ə. VIII minilliyə təsadüf edir. Qədim meqalitik abidələr, mağaralar, müdafiə tikililəri, kurqanlar, metal alətlər, dulusçuluq, zərgərlik sənəti Azərbaycan yaşayış məskəni üçün xarakterik olmuşdur. Monumental qaya rəsmlərində xalqın mədəniyyəti və estetik təsəvvürləri öz ifadəsini tapmışdır. Füzuli şəhərinin yaxınlığındakı Azıx mağarası Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olduğunu sübut edir. Təsviri sənətin ən qədim nümunələri arasında Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqıl və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər əhatə edir. Orta əsrlərdə Qarabağ təsviri sənəti dekorativ tətbiqi sənətlə vəhdət təşkil etmişdir. Təsviri sənətin qədim nümunələri arasında dulusçuluq, daş və metal məmulatlarını bəzəyən dekorativ naxışlar, rəsmlər, qabartmalar (relyef təsvirlər), heykəllər mühüm yer tutur. Bunlardan kürə ikibaşlı maral fiquru (Xocavənd rayonunun Dolanlar kəndi) öz zərifliyi, bədii kamilliyi ilə fərqlənir (e.ə. VIII-VII əsrlər). Bu dövrdə Qarabağda müxtəlif tipli və formalı bədii şüşə məmulatı nümunələri - dekorativ qablar, piyalələr, qadın bəzəkləri mövcud olmuşdur. Həkkaklıq və heykəltəraşlıq nümunələri Albaniya (Qafqaz) dövrü sənətində geniş yayılmışdır. Bədii metal məmulatlarının (torevtika) tərtibində də plastik formalara tez-tez təsadüf olunur. Bu dövrün dairəvi və qabartma heykəltəraşlıq nümunələrindən (tuncdan və daşdan) insan və heyvan təsvirləri, məişət, ov və dini ayinlərlə bağlı səhnələr üstün yer tutur.

VII əsrdən başlayaraq islam dininin yayılması ilə bağlı Qarabağda memarlıq kompleksləri, saray, qəsr, məscid və türbələr inşa edilirdi. Həmin binaların dekorativ tərtibatında kalliqrafiya - kitabə, ornament, kaşı və qabartma elementlərindən geniş istifadə olunmuşdur. Öz köklərilə ta qədim dövrlərə gedib çıxan Qarabağ təsviri sənət ənənələri özündə neçə-neçə nəsillərin bədii təcrübəsini saxlamışdır. Buraya Kəlbəcər, Ağdam, Laçın rayonlarındakı qayaüstü rəsmlər, zəngin bəzəyə malik əmək alətləri və məişət əşyaları, öz gözəlliyi və rəngarəngliyi ilə nadir olan xalçaçılıq sənəti, zərgərlik əşyaları və s. daxildir. Həmçinin öz nəfisliyi və zərifliyi ilə seçilən memarlıq abidələrini – məscidləri, məqbərələri, sarayları və kaşı naxışlarını da xatırlamamaq mümkün deyil. Bütün bunlar Azərbaycan xalqının bədii mədəniyyətinin özünəməxsus «genofond»unu yaratmış, onun zəngin irsini təşkil etmişdir. Həmin irs XIX əsrin ortalarından yeni tendensiyalarla daha da dolğunlaşmışdır. Məhz bu dövrdə, güclənməkdə olan Rusiya –Azərbaycan bədii və mədəni əlaqələrinin güclənməsinin təsiri altında Qarabağ incəsənətində tədricən keyfiyyət dəyişiklikləri baş verdi və bu da milli incəsənətdə yeni realist xüsusiyyətlərin meydana çıxması ilə nəticələndi. Bu dövrün əsas nümayəndələri kimi Mövsüm Nəvvab, şair və rəssam Natəvan və bir çox digərləri çıxış edirdi. Bədii yaradıcılıq prossesi tarixində Qarabağ rəssamları Mir Möhsün Nəvvab və Xurşudbanu Natəvanın yaradıcılığı unikal bir tarixi hadisədir. Orta əsrlərdə Qarabağ təsviri sənəti dekorativ tətbiqi sənətlə yanaşı, memarlıqla da üzvi əlaqədə olmuşdur. Şuşa şəhərində dövrümüzədək çatmış monumental divar rəsmləri xalq yaradıcılığı ənənələri ilə sıx bağlıdır. XIX əsrdə Azərbaycanda olmuş rus rəssamlarından Q.Q.Qaqarin və V.V.Vereşşaginin əsərlərində Şuşa şəhərinin memarlıq abidələrinin təsvirini görmək mümkündür.
Qarabağ təsviri sənətində növbəti keyfiyyət dəyişiklikləri XX əsrdə (xüsusilə əsrin əvvəllərində) baş verdi: həmin dövrdə bu sənətin inkişafında yeni növ, janr və formaların, başlıcası isə demokratik satirik qrafika və dəzgah rəngkarlığının meydana gəlməsi prossesini müşahidə etmək olar.



Oxunub: 9264