Baş səhifə   » İNZİBATİ BÖLGÜ    » Qarabağın inzibati ərazi bölgüsü   

Qarabağın inzibati ərazi bölgüsü

  


Hələ 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Azərbaycanın tarixi-coğrafi ərazi bölgüsü ənənələrinə sadiq qalaraq Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını Qarabağ general-qubernatorluğunda birləşdirmişdi.
Azərbaycan SSR hökuməti də 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etmişdi. Lakin sonralar, sovet dövründə, Zəngəzur qəzasının 6.742 kvadrat verstlik ərazisindən 3.105 kv.versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv.verstlik hissəsi isə Ermənistana verilmişdi.
Azərbaycana vurulan ən ağır zərbə, həyata keçirilən ən böyük düşmənçilik aktı isə Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvanla Azərbaycanın digər torpaqları arasında əlaqələr kəsilməsi, Naxçıvanın Azərbaycandan ayrı salınması oldu. Digər tərəfdən, bu ermənilərin Naxçıvanla bağlı gələcək məkrli niyyətlərinin həyata keçirilməsi üçün bir hazırlıq xarakteri daşımışdır.
Bununla da 1920-1923-ci illərdə məqsədyönlü surətdə həyata keçirilən proseslər nəticəsində keçmiş Qarabağ xanlığının tərkibinə daxil olan Azərbaycan torpaqları ənənəvi tarixi-coğrafi vahidliyini və ya bütövlüyünü itirdi. Azərbaycanın 1917 və 1921-ci il kənd təsərrüfat siyahıya almalarının materialları əsasında nəşr edilmiş yaşayış məskənləri siyahısında ölkə ərazisi 15 qəzaya ayrılır. Qarabağ ərazisində Cəbrayıl (Karyagin), Cavanşir, Qubadlı (keçmiş Zəngəzur qəzasının bir hissəsi), Şuşa qəzalarının olduğu göstərilir.
Azərbaycan Mərkəzi Statistika idarəsi Azərbaycan SSR-də həyata keçirilən bu və digər inzibati-ərazi bölgülərini nəzərə alaraq 1921-ci il kənd təsərrüfatı siyahıya almasının materialları əsasında onların ərazisinin sahəsi, əhalisinin milli tərkibi və b. məsələlər üzrə hesablamalar aparmışdı. Həmin hesablamalara görə, Qarabağın tarixi ərazisindən (xanlığın sərhədləri üzrə) Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti - 4.160,5 kv.km., Cəbrayıl qəzası - 4.268,5 kv.km., Ağdam qəzası - 4.135,4 kv.km., Kürdüstan qəzası - 3.432,4 kv.km. (cəmi 15.996,9 kv.km.) qalmışdır. Qarabağın tarixi ərazilərindən bir hissə isə Azərbaycandan qoparılaraq Ermənistana verilmişdir. Sonrakı inzibati-ərazi bölgüləri prosesində Zəngəzur qəzasının Azərbaycan SSR tərkibində qalan hissəsində Zəngilan (0,7 min kv.km.), Qubadlı (0,8 min kv.km.), Laçın (1,8 min. kv.km.) rayonları yaradıldı. Ağdam və Cəbrayıl qəzalarının ərazisində isə Ağdam (1, 1 min. kv.km.), Bərdə (1,0 min.kv.km.), Ağcabədi (1,8 min. kv.km.), Tərtər (0, 4 min.kv.km.), Cəbrayıl (1,0 min.kv.km.) rayonları yaradıldı. Beləliklə, Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan Qarabağ xanlığının ərazisi parçalanaraq bir hissəsi Ermənistana verilmiş, Azərbaycanda qalan hissəsində isə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır.
Dağlıq Qarabağ muxtariyyətinin Əsasnaməsini hazırlayan komissiyanın qərarına əsasən onun tərkibinə 170-dən çox yaşayış məskəni verilmişdir. Azərbaycan Mərkəzi Statistika İdarəsinin 1924-cü ilə aid məlumatında isə artıq həmin məskənlərin sayının 200-dən çox olduğu göstərilir. 1925-ci ildə nəşr edilmiş kitabçada isə (müəllifi Q.Koçaryan) bu məskənlərin sayının 215 olduğunu bildirmişdir. Bu faktlar Dağlıq Qarabağ muxtar vilayətinin ərazisinin rəsmi sənədlərin əksinə olaraq genişləndirildiyini və yeni yaşayış məskənləri hesabına əhalisinin sayı və etnik tərkibinin ermənilərin xeyrinə dəyişdirildiyini sübut edir.

Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra onun tərkibinə verilmiş yaşayış məskənləri rayon-volost-kənd pillələri əsasında inzibati baxımdan aşağıdaki kimi bölünmüşdü:
1. Dizaq rayonu. Tərkibində 5 volost (Hadrut, Tuğ, Xozabyurd, Arakül, Edilli) və 48 kənd; 2. Vərəndə rayonu. Tərkibində 5 volost (Tağavert, Sus, Çartaz, Noraşen) və 46 kənd; 3. Şuşa rayonu. Şuşa şəhəri və Malıbəyli volostundan (12 kənd) ibarət idi; 4. Xaçın rayonu. Tərkibində 4 volost (Daşbulaq, Əsgəran, Krasnoselsk, Qala dərəsi) və 53 kənd; 5. Ceraberd rayonu. Tərkibində 4 volost (Marquşevan, Orataq, Dovşanlı, Aterk) və 53 kənd.
Yeni inzibati-ərazi bölgüsü həyata keçirilərkən DQMV-də dəyişiklik baş vermişdir. 1930-cu ilin avqustunda DQMV ərazisi yenə də 5 rayona bölünmüşdür: 1. Ceraberd, 2. Martuni, 3. Stepanakert, 4. Dizaq, 5. Şuşa. Göründüyü kimi, Vərəndə Martuni adlandırılmış, Xaçının ərazisi isə Stepanakertə aid edilmişdir.
1939-cu il avqustun 17-də Ceraberd Mardakert, Dizaq isə Hadrut adlandırılmışdır.
1960-cı illərin əvvəllərində rayonların iriləşdirilməsi siyasəti həyata keçirilərkən əsas zərbə Şuşaya vurulmuşdur. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilmiş, onun ərazisi Stepanakert rayonuna verilmişdir.
1965-ci il yanvarın 6-da Şuşa rayonu yenidən təşkil olunmuşdur. 1978-ci ildə Stepanakert rayonu əsasında Əsgəran rayonu təşkil edilmişdir. SSRİ-nin dağılmasınadək Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazi bölgüsü belə olmuşdur.



Oxunub: 103205