Baş səhifə   » QARABAĞIN TARİXİ    » Qarabağ mənbələrdə    » Ermənilərin köçürülməsi rus mənbələrində   

Ermənilərin köçürülməsi rus mənbələrində

  



Azərbaycanın tarixi ayrılmaz hissəsi sayılan və Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ probleminin tarixi kökləri, bu regionun müxtəlif dövrlərdə etnik tərkibi ilə əlaqədar bir-birinə zidd olan müxtəlif versiyalar irəli sürülür. Hətta bəzi erməni tarixçiləri tərəfindən tarixi həqiqətlər ağlasığmaz dərəcədə saxtalaşdırılır və Qarabağı Ermənistanın tarixi vilayətlərindən biri kimi qələmə verməkdən ibarət olan illuziya xarakterli versiyalar irəli sürülür. Əslində ermənilərin torpaqlarımıza sonradan gəlmələri haqqında həqiqətlər həm tarixi mənbələrdə, elmi araşdırmalarda, həm də arxeoloji materiallarda kifayət qədər öz əksini tapır. Bunları öz əsərlərində təsdiqləyən rus müəllifləri də az deyildir.

İndi böyük mübahisələr və münaqişələr obyekti olan Qarabağ bir Azərbaycan xanlığı olaraq 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla Rusiya imperiyası qoşunlarının baş komandanı general Sisianov arasında bağlanan Kürəkçay müqaviləsi ilə Rusiyanın tərkibinə qatıldı. Kürəkçay müqaviləsinin ikinci maddəsində Qarabağ xanının və onun varislərinin ölkəsinin bütövlüyünün saxlanmasına imperator zəmanəti verilirdi (Акты, собранные Кавказской Археографической Коммиссией, т. II, под ред. А. Берже. Тифлис, 1868, sənəd 1436, с. 702-705). Lakin bir müddət sonra 1822-ci ildə çar hökuməti müqavilənin bu bəndini pozaraq, Qarabağ xanlığını bir siyasi amil olmaqla ləğv edib onu imperiyanın sıravi əyalətinə çevirdi. Buna baxmayaraq, İbrahimxanın və varislərinin «ölkəsinin bütövlüyünün saxlanılmasına imperator zəmanəti» vermiş olan çar hökuməti Qarabağ xanlığı ərazisini dövlət idarəçiliyi baxımından və sırf müsəlman əyaləti olaraq qalan Azərbaycan əyalətindən ayırmamışdı. Hətta ermənipərəst mövqe tutan çar hökuməti belə, Qarabağın müsəlman əyaləti olmasından ibarət olan danılmaz faktla hesablaşmalı olmuşdu. Çünki1805-ci ildə Qarabağ xanlığı Rusiyaya birləşdirilən zaman onun əhalisinin yalnız 1/5 hissəsini ermənilər təşkil edirdi.
Çarizmin Qafqazda həyata keçirdiyi müstəmləkəçilik siyasətinin mərkəzində XIX əsrin əvvəllərində Türkiyə və İran ərazisindən ermənilərin Qafqaza, xüsusilə də Qərbi Azərbaycana və Qarabağa köçürülməsi dururdu.
Məhz 1804-1813 və 1826-1828-ci illərdə Rusiya-İran müharibələri zamanı və ondan sonra İrandan və Cənubi Azərbaycandan ermənilərin kütləvi şəkildə köçürülməsi və onların Cənubi Qafqazda,o cümlədən Qarabağda yerləşdirilməsi nəticəsində burada ermənilərin sayı ildən-ilə artmağa başladı. 1826-1828-ci illərdə Rusiya-İran müharibəsi gedişində İrandan və Azərbaycanın cənub ərazilərindən Cənubi Qafqaza, o cümlədən Qarabağa 18 min erməni ailəsi köçürülmüşdür (МИЭБГК, т. VII, ч. I. , с. 393).
Yuxarıda qeyd edilən müharibələr başa çatdıqdan sonra Rusiya ilə İran arasında bağlanan Türkmənçay sülh müqaviləsinin şərtlərinə görə, ermənilərin İran ərazisindən maneəsiz köçürülməsinə icazə verilirdi. Bu akt əslində ermənilərə İrandan Cənubi Qafqaza, o cümlədən Qarabağa kütləvi şəkildə köçmək üçün geniş imkanlar verdi. Ermənilərin Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi məsələsində çar hökumətinin əsas məqsədi və bu köçürülmənin Qafqazda demoqrafik vəziyyətə təsiri ilə əlaqədar N. N. Şavrov yazırdı: «Biz müstəmləkəçilik siyasətinə Zaqafqaziyada rus əhalisinin deyil, bizə yad olan xalqların yerləşdirilməsindən başladıq… 1828-ci ildən 1830-cü ilə kimi biz Zaqafqaziyaya İrandan 40 mindən çox, Türkiyədən 84 mindən çox erməni köçürmüş və onları erməni əhalisinin azlıq təşkil etdiyi Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı xəzinə torpaqlarında yerləşdirmişik. Yerləşmək üçün onlara 200 min desyatindən çox xəzinə torpağı ayırmış və onlar üçün müsəlmanlardan 2 mln. manatlıqdan çox xüsusi sahibkar torpağı satın alınmışdır. Yelizavetpol quberniyasının dağlıq hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur) və Göyçə (Sevan) gölünün sahili həmin ermənilər tərəfindən məskunlaşdırıldı… Qeyri-rəsmi köçənlərlə birlikdə köçüb gələnlərin ümumi sayı 200 mini ötüb keçdi». Bu köçürmələr nəticəsində XX yüzilliyin başlanğıcında Zaqafqaziyada yaşayan 1,3 milyon erməninin bir milyonundan çoxu «diyarın köklü sakinləri» olmayıb bizim tərəfimizdən məskunlaşdırılmışdı (Шавров Н. Н. Новая угроза русскому делу в Закавказье. СПб. , 1911, с. 59-61).

Bununla əlaqədar olaraq rus tarixçi alimi V. A. Veliçko yazırdı: «Paskeviç İrana polkovnik Lazarevin yanına Zaqafqaziyaya keçən təxminən 40 min ermənini dəvət etmək üçün göndərilmişdi. Eçmiədzin patriarxı da bu əməliyyatda iştirak etmişdir. Belə ki, o, İrandan erməni keşişlərinin köçürülməsinə göstəriş vermişdi. Adrianopol müqaviləsinə əsasən, 100 mindən çox erməni Türkiyədən köçürüldü. Karapet adlı bir Ərzrum arxiyepiskopu 70 minə yaxın erməni gətirmişdi. Bundan sonra müsəlman ölkələrindən Rusiyaya ermənilərin köçürülməsi tədricən fasiləsiz xarakter aldı və axırıncı illər hətta kütləvi şəkil aldı» (Глинка С. Описание переселения армян Азербайджанских в пределы России. Баку, «Елм». 1990, с. 81).

Digər rus alimi S. Qlinka ermənilərin köçürülməsi ilə əlaqədar yazırdı: «1828-ci il martın 9-da axırıncı rus ordusu Təbrizi tərk etdi… Müxtəlif kəndlərdən olan ermənilər Türkmənçay müqaviləsinə əsasən, Qarabağa doğru hərəkət etməyə başladılar… Ermənilərin köçürülməsi üçün knyaz Arqutinski Dolqorukini Təbrizdə saxlayan Lazerev bir neçə məmurun müşayəti ilə onu Marağada səbirsizliklə gözləyən ermənilərin yanına getdi (В. Л. Величко. Кавказ. Русское дело и междуплеменные вопросы. Баку, «Елм», 1990).

Eyni zamanda ermənilərin köçürülməsi ideyasının müəllifi A. S. Qriboyedov bu barədə yazırdı: «Ermənilərin ilk dəfə buraxıldıqları torpaqlara əbədi sahib duracaqlarından müsəlmanlar içərisində yaranan qorxunu aradan qaldırmaq və (sonuncuların) düşdükləri ağır vəziyyətin uzun sürməyəcəyini bildirməklə onları sakitləşdirmək məsələsini biz… dəfələrlə götür-qoy etmişik (Грибоедов А. С. Записка о переселении армян из Персии в наши области, т. 2. Москва, 1971).

Beləliklə, Türkmənçay müqaviləsinə görə, İrandan və Türkiyədən İrəvan xanlığı ərazisinə, Qarabağa və Azərbaycanın başqa əyalətlərinə erməni əhalisinin köçürülməsi nəticəsində demoqrafikvəziyyət güclü dəyişikliyə uğramışdı. İrəvan xanlığının yerində yaranan «Erməni vilaytəində Azərbaycan türklərinin xüsusi çəkisi 1828-ci ildə 73. 8% idisə, 1834-1835-ci illərdə 46,2%-ə enmişdi (Gürcüstan MDTA, f. 2. siy. 1, iş 3859, s. 314, v. 20).
1832-ci il kameral sayımına görə, Qarabağ əyalətində 32. 4 min (64. 8%) azərbaycanlı və 17. 4 min (34. 8%) erməni qeydə alınmışdır. Beləliklə erməni əhalisi 1823-cü ildəki 8. 4%-ə nisbətən qısa vaxtda dörd dəfədən çox artmışdı. Sonrakı sayımlara görə Şuşa qəzasında 80-ci illərin sonlarında azərbaycanlıların xüsusi çəkisi 41. 5%-ə enmiş, ermənilərin xüsusi çəkisi isə 58. 2%-əqalxmışdı. 1897-ci il Ümumrusiya sayımına görə isə həmin göstəricilər uyğun surətdə 53% və 45% olmuşdur (Кавказский календарь Российской империи 1897, ЛXIII – Елизаветская губерния. СПб. , 1904. , с. 3).

XIX əsrin 80-ci illərinin axırlarında əsasən indiki Dağlıq Qarabağ ərazisinin daxil olduğu Şuşa qəzasında bu əraziyə yuxarıda göstərilən kütləvi köçürülmələr nəticəsində ermənilərin sayı artıqbütün əhalinin 58%-ni təşkil edirdi (Кавказский календарь на 1896, V отд, с. 48-61). Hətta sonradan davam etdirilən kütləvi köçürülmələrdən sonra belə ermənilər Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ərazisində əhalinin yalnız 79%-ni təşkil edirdi (События вокруг НКАО в кривом зеркале фальсификаторов (сборник материалов), Бакы, 1989, с. 6-7).
Qarabağda göstərilən səbəblər üzündən tədricən baş verən demoqrafik dəyişikliklərə baxmayaraq, 1840-cı ilə qədər keçmiş xanlığın ərazisi rəsmən «Qarabağ əyaləti» adlandırılır, müsəlman əyaləti kimi qəbul edilərək, qalan Azərbaycan torpaqları ilə birlikdə «Zaqafqaziya müsəlman dövlətləri» hərbi dairəsinin rəisi tərəfindən idarə olunurdu. Bu rəisin iqamətgahı da Qarabağda, Şuşa şəhərində yerləşirdi. Buna görə də Rusiya imperatorluğunun 4 başlıca nazirliyi: hərbi, xarici işlər, daxili işlər və maliyyə nazirlikləri tərəfindən çap edilmiş dördcildlik «Обазреннийе Российских владений за Кавказом» kitabında da Qarabağ müsəlman əyalətləri bölməsində verilmişdir. Çünki Qarabağ xanlığı bir erməni əyaləti kimi deyil, məhz Azərbaycan dövləti olan xanlıq kimi Rusiya tərkibinə qatılmışdı.
1840-cı ildə keçirilən islahatdan sonra indiki Dağlıq Qarabağ ərazisinin daxil olduğu «Qarabağ əyaləti» ərazisində «Şuşa qəzası» yaradıldı. Lakin bu inzibati ərazi də nə Gürcüstan-İmereti quberniyasına, nə də bir qədər sonra yaradılmış İrəvan quberniyasına deyil, Şimali Azərbaycan torpaqlarını birləşdirən «Kaspi» vilayətinə daxil idi. 1868-ci ildən isə Şuşa qəzası Yelizavetpol (Gəncə) quberniyasına verilmişdi. Bu quberniya da Bakı quberniyası ilə yanaşı, yenə də Şimali Azərbaycan torpaqlarını özündə birləşdirirdi. 1917-ci ildə Şuşa qəzası müvəqqəti hökumət vaxtında Xüsusi Zaqafqaziya komitəsinə tabe olan Yelizavetpol quberniyasına, 1918-1920-ci illərdə isə Azərbaycan Xalq Cümhuriyyəti tərkibində Gəncə quberniyasına daxil edilmişdir (Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989 s. 276).

Beləliklə, göründüyü kimi, çarizmin müstəmləkəçilik siyasətinə rəğmən həyata keçirilən erməni köçürülmələri və digər amillər belə, Qarabağın Azərbaycan torpağı olması faktını danılmaz etmişdir. Lakin buna baxmayaraq Azərbaycan torpaqlarına köçürülmüş ermənilər daima köçürüldükləri torpaqlara sahib durmağa çalışmış və müxtəlif dövrlərdə Azərbaycan xalqı üçün ciddi problemlər yaratmışlar. Öz iyrənc məqsədlərinə çatmaq üçün ermənilər minlərlə günahsız insanların qanını tökmüş, şəhər və kəndləri viran qoymuşlar.



Oxunub: 27893