Baş səhifə   » QARABAĞIN TARİXİ    » Qarabağın tarixi ərazisi və sərhədləri   

Qarabağın tarixi ərazisi və sərhədləri

  



Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi "Qarabağ" sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl işlənmişdir. Qarabağ əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir. Yeri gəlmişkən, bu hal Azərbaycan üçün xarakterikdir: Naxçıvan şəhəri - Naxçıvan bölgəsi, Şəki şəhəri - Şəki bölgəsi, Gəncə şəhəri - Gəncə bölgəsi, Lənkəran şəhəri -Lənkəran bölgəsi və i.a.
"Qarabağ"ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı kimi formalaşması tarixi onun etimologiyasının daha elmi şəkildə izahına imkan verir. Çünki Azərbaycan dilində (həmçinin başqa türk dillərində) "qara"nın rəngdən başqa "sıx", "qalın", "böyük", "tünd" və başqa mənaları da vardır. Bu baxımdan, "Qarabağ" termini "qara bağ", yəni "böyük bağ", "sıx bağ", "qalın bağ", "səfalı bağ" və s. mənası kəsb edir.

Qarabağın ərazisi haqqında vaxtilə Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir "Qarabağ tarixi" (1847) əsərində yazırdı: "Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhədləri belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər - Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahı ilə Krasnı most, yəni Qızıl körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər - Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır".

Rusiya işğalı və müstəmləkəçiliyinin ilk dövründə Qarabağın ərazisi və sərhədlərinin belə dəqiq təsvir edilməsi onunla izah olunur ki, 1) bu faktı bilavasitə Qarabağın idarəsilə məşğul olan dövlət adamı yazır, başqa sözlə, həmin fakt rəsmi sənədlərə əsaslanan rəsmi sözdür, Rusiyanın xidmətində olan dövlət adamının rəsmi sözüdür; 2) digər tərəfdən bu fakt yalnız reallığa, təcrübəyə əsaslanmaqla qalmayıb ilk mənbələrlə də sübut olunur. Mirzə Camalın mövqeyinin doğruluğunu göstərmək üçün qədim tarix kitablarına istinad etməsi təsadüfi deyil. Göründüyü kimi, siyasi-coğrafi məkan olaraq, tarixdə həmişə "Dağlıq Qarabağ" deyil, bütöv halda, yəni Qarabağın bütün ərazisini - dağlarını, düzənlərini əhatə edən ümumi bir "Qarabağ" anlayışı olmuşdur. Başqa sözlə, "Dağlıq Qarabağ" anlayışı çox sonraların "məhsuludur", separatçılıq niyyəti ilə Qarabağın bir hissəsinə verilmiş addır.



Oxunub: 180615