Baş səhifə   » QARABAĞIN TARİXİ    » Qarabağ ən qədim zamanlardan xanlıqlar dövrünədək   

Qarabağ ən qədim zamanlardan xanlıqlar dövrünədək

  


Azərbaycanın tarixi ərazisi olan Qarabağ ümumiyyətlə dünyanın da ən qədim tarixə malik olan diyarlarındandır. Bu ərazidəki Azıx mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilmişdir. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir.
1968-ci ildə Azıx mağarasının aşel təbəqəsindən Azıx adamı - azıxantrop adlandırılan insanın çənə sümüyü tapılmışdır. Azıx adamının 350-400 min il əvvəl yaşadığı güman olunur. Qarabağda Mustye mədəniyyəti daha çox Tağlar mağarası ilə təmsil olunmuşdur.
Eneolit (e.ə.VI-IV minilliklər), tunc və ilk dəmir dövrlərində (e.ə. IV minilliyin sonu - I minilliyin əvvəli) Qarabağın həyatında böyük dəyişikliklər baş vermişdi. Son tunc və ilk dəmir dövrü (e.ə. XIII-VII əsrlər) Xocalı-Gədəbəy mədəniyyəti adı almışdır. Bu dövrə aid Xocalı qəbiristanlığı arxeoloji abidəsindən üstündə Aşşur (Assuriya) hökmdarı Adadnerariyə aid mixi yazı olan əqiq muncuq tapılmışdır. Bu tip tapıntılar bölgənin Yaxın Şərqlə iqtisadi və mədəni əlaqələrini təsdiq edir.

Qədim dövrlərdən başlayaraq təsərrüfat və mədəni həyatın inkişafı ilə yanaşı etno-siyasi proseslər də davam etmişdir. Azərbaycanın cənubunda qüdrətli Manna dövləti (e.ə. IX-VI əsrlər) meydana gəlmişdir. Manna Assuriya və Urartu ilə mübarizədə müstəqilliyini qorumağa nail olmuşdur. Şimali Azərbaycan torpaqları, o cümlədən Qarabağ ərazisi Urartunun işğallarından kənarda qalmışdır. Bu dövrdə, ümumiyyətlə Cənubi Qafqazda (Zaqafqaziyada) erməni etnosu olmamışdır. Çox sanballı tədqiqatçıların fikrincə, Urartunun əsas ərazisi SSRİ-nin sərhədlərindən kənarda yerləşirdi. Qədim dövrdə və orta əsrlərdə ermənilərin kompakt yaşadığı ərazi də indiki Ermənistan SSR-in hüdudlarından uzaqda idi. Urartu dövlətinin varlığına son qoyan Midiya dövləti (e.ə. 672-550) zamanı vəziyyət dəyişdi. Midiya Cənub-şərqi Zaqafqaziyanı özünə tabe etdi. Bu vəziyyət Əhəmənilər dövründə də (e.ə. 550-330) davam etmişdi.
Makedoniyalı İsgəndər (e.ə.336-323) Əhəməni dövlətini dağıtdıqdan sonra Azərbaycanın şimalında siyasi proseslər yeni mərhələyə qədəm qoydu. Bunun nəticəsi idi ki, Makedoniyalı İsgəndərin qısamüddətli hakimiyyətindən sonra, onun ölümü ilə imperiyası parçalandıqda Azərbaycanın cənubunda Atropatena, şimalında isə Albaniya dövlətləri yarandı.
E.ə. IV əsrdə və sonralar Atropatena Azərbaycanın şimalında da ərazilərə malik idi və bu zaman Qarabağ ərazisinə daxil olan torpaqların bir hissəsi həmin Azərbaycan dövlətinə tabe idi. Atropatena ilə eyni zamanda yaranmış Albaniya dövləti təxminən e.ə. IV- e. VIII əsrlərində mövcud olaraq, 1200 ilə yaxın dövr ərzində Azərbaycan tarixində böyük rol oynamışdır. Bütün Qarabağ ərazisi Albaniya dövlətinin tərkibinə daxil idi və bu dövlət Qarabağı öz tərkibində qoruyub saxlamaq üçün misilsiz mübarizə apardı və bəzi istisnalarla buna nail ola bilmişdi.

Qarabağ Azərbaycan Albaniya dövlətinə məxsus olduğu kimi, burada yaşayan etnoslar - uti, qarqar və başqaları da alban tayfaları idilər. Ermənilərin ilk dəfə Cənubi Qafqazda (Zaqafqaziyada) peyda olmaları təxminən e.ə. II əsrdən sonralara təsadüf edir. Onların regiona daxil olması ilə yerli dövlətlərə və xalqlara qarşı təcavüzkar fəaliyyətləri də başlanır. Bu dövrdə ermənilər Kiçik Asiyanın şərqindəki erməni çarlığını qondarma "Böyük Ermənistan" adlandırır və köçüb məskən saldıqları bütün əraziləri erməni torpaqları elan etməyə cəhd edirdilər.
Roma imperiyasının e.ə. 66-cı ildə II Tiqranı darmadağın etməsi ilə uydurma "Böyük Ermənistan" əfsanəsi puça çıxdı, onlar Romanın vassalına çevrildi. Bu vəziyyət IV əsrədək davam etmişdir. Bu dövrdə Azərbaycan-Albaniya dövləti isə müstəqil siyasət yeritməkdə davam edirdi və Qarabağın tarixi vilayətləri onun tərkibinə daxil idi.

Qarabağın Azərbaycana məxsus olduğunu və burada ən qədim zamanlardan başlayaraq müxtəlif türk etnoslarının yaşadığını Azərbaycan və ümumtürk şifahi xalq ədəbiyyatının möhtəşəm abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanları da sübut edir. Dədə Qorqud dastanları VI-VII əsrlərdə Qarabağ da daxil olmaqla bütün Azərbaycan torpaqlarında, o cümlədən Göyçə gölü hövzəsində yayılmışdır. Ağqoyunlu hökmdarı Uzun Həsənin (1453-1478) göstərişi ilə yazılmış məşhur Oğuznamədə (Əbu Bəkr Tehraninin 1470-ci ildə yazdığı "Kitabi-Diyarbəkriyyə"sində) Göyçə dənizi yaylaqlarının və Qarabağın qədim oğuz türklərinə məxsus olduğu, oğuz türklərinin soykökündə duran Oğuz Xaqanın Göyçə dənizi ətrafında dəfn olunduğu, Bayandur Xaqanın isə Qarabağda, Göyçə dənizi yaylaqlarında yaşadığı və orada da dəfn olunduğu göstərilir.

Qarabağın tarixində əsas dəyişikliklər Ərəb xilafətinin işğalları və bunun nəticəsində Albaniya dövlətinin aradan qaldırılması ilə baş vermişdir. Ərəb işğallarınadək Qarabağın tarixi əhalisi etnik baxımdan eyni kökdən, yəni Azərbaycan-Albaniya kökündən olduğu halda, bu dövrdə Ərəb xilafətinin Azərbaycanla bağlı yeritdiyi faciəli siyasət nəticəsində vilayətin dağlıq hissəsində ermənilərin dini üstünlüyünün təmin edilməsi, zaman keçdikcə etnik sahədə də özünü göstərdi: Albaniyanın tarixi Arsax bölgəsi əhalisinin əvvəlcə qriqorianlaşdırılmasına, bunun ardınca da erməniləşdirilməsinə başlandı.
Bu proseslərin baş verdiyi IX-XIII əsrin əvvəlləri, xüsusilə Sacilər-Atabəylər-Şirvanşahlar dövrü bütün Cənubi Qafqazda Azərbaycanın qüdrətinin daha da artdığı bir dövr idi. Sacilər və Atabəylər faktik olaraq Azərbaycanın tarixi torpaqlarını siyasi cəhətdən birləşdirmişdilər.
Keçmiş Albaniya ərazisində yaranmış Xaçın knyazlığı Mehranilər nəslinə mənsub olan Həsən Cəlalın dövründə (1215-1261) yüksək inkişaf mərhələsinə çatmışdır. Təsadüfi deyil ki, dövrün narrativ və epiqrafik abidələrində o, "Xaçın ölkələri knyazı", "Xaçın və Arsax ölkələrinin əzəmətli knyazı" titulları ilə yanaşı, "Albaniya hökmdarı" titulu ilə də anılır. Başqa sözlə, Həsən Cəlalın bütün titulları Azərbaycan - Albaniya tarixinə məxsusdur. Onun zamanında Alban memarlığının ən mühüm incilərindən biri olan Qanzasar monastrı tikilmişdir.

Monqolların birinci yürüşü zamanı (1220-1222) zəifləmiş Atabəylər dövlətinə son qoyan Xarəzmşah Cəlaləddinin Azərbaycanda hökmranlığı zamanı (1225-1231) Qarabağ da onun hakimiyyəti altında idi. Monqolların ikinci yürüşü və Azərbaycanın işğalının başa çatması ilə (1231-1239) Qarabağ digər Azərbaycan torpaqları kimi Ali monqol xaqanlığının (1239-1256), sonra isə Hülakülər (Elxanilər) dövlətinin (1256-1357) tərkibində idi. Qarabağın bu dövr tarixi haqqında məlumat nisbətən daha əhatəlidir. XIII-XIV əsrlərdə Qarabağ Hülakülər dövlətinin siyasi tarixində mühüm rol oynamışdır. Təkcə onu göstərmək kifayətdir ki, monqol hökmdarlarından ikisi (Qazan xan və Arpa xan) səltənət taxtına Qarabağda çıxmış, ikisi isə (Arqun xan və Əbu Səid) Qarabağda vəfat etmişdir.
XV əsrdə Qarabağ Azərbaycan Qaraqoyunlu (1410-1467) və Ağqoyunlu (1468-1501) dövlətlərinin tərkibində idi. Lakin Qaraqoyunlular dövründə Qarabağın sonrakı tarixində özünü göstərəcək bir hadisə baş vermişdir. XV əsrdə keçmiş alban hakimi Həsən Cəlalın nəsli (Cəlalilər) Qaraqoyunlu Cahan şahdan "məlik" titulu aldı. Sonralar Cəlalilər nəslinin mülkü beş alban feodal knyazlıqları - məlikliklərinə (Gülüstan, Cəraberd, Xaçın, Vərəndə, Dizaq) parçalandı.
Azərbaycan Səfəvi dövlətinin yaranması ilə (1501) bütün Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinə başlanıldı. XVI əsrin ortalarında Azərbaycan torpaqlarının vahid dövlət halında mərkəzləşdirilməsi başa çatdı. Bununla Azərbaycan Səfəvi dövləti regionun Osmanlı imperiyasından sonra ikinci ən qüdrətli dövlətinə çevrildi. Belə olduğu halda o dövrdə ermənilərin hər hansı etnik-siyasi üstünlüyü mümkün olan məsələ deyildi. Əksinə, həmin dövrdə Azərbaycanın etnik və siyasi sərhədləri daha aydın şəkil almışdır.
Səfəvilər Azərbaycanda 4 bəylərbəylik yaratmışdır ki, onlardan biri də Qarabağ və ya Gəncə bəylərbəyliyi idi. Osmanlıların bu torpaqlarda tərtib etdikləri icmal və müfəssəl dəftərlər həmin bəylərbəyliyin inzibati-ərazi bölgüsü haqqında aydın təsəvvür yaradır. 1593-cü il məlumatına görə, Gəncə-Qarabağ əyaləti 7 sancaq, 36 nahiyəyə bölünürdü. Burada qeydə alınan 1,3 mindən çox toponimik vahidlərin hamısı azərbaycanlılara məxsus idi.
Səfəvi dövlətinin zəifləməsindən sonra Azərbaycan torpaqları İran, Rusiya və Osmanlı dövlətləri arasında müharibələr meydanına çevrilmişdir. Bu dövrdə Gəncə-Qarabağ torpaqları əvvəlcə Osmanlı imperiyası tərkibində olmuşdur. Həmin dövrdə tərtib olunan Osmanlı dəftərləri də azərbaycanlıların bölgənin əsas əhalisi olduğunu sübut edir.

Hesablamalara görə, 1727-ci ildə Gəncə-Qarabağ əyalətinin əhalisi 122 min nəfər idi. Onun 80,3 min nəfərini (66%) azərbaycanlılar, 37,8 min nəfərini (31%) ermənilər (daha doğrusu qriqorianlaşmış və erməniləşmiş albanlar), 3,7 min nəfərini (3,1%) kürdlər təşkil etmişdir.
Bu dövrdə Rusiyanın fəal köməklik göstərdiyi qriqorianlaşmış albanlar siyasi cəhətdən fəallaşmışdır. Digər tərəfdən, sonuncu Səfəvi hökmdarı III Abbası yıxaraq hakimiyyətə gələn Nadir şah Əfşar (1736-1747) onu qanuni hökmdar kimi tanımaqdan imtina edən Gəncə-Qarabağ bəylərbəyliyinin türk-müsəlman əhalisinə qarşı ağır cəza tədbirləri həyata keçirdi ki, bu amil də Qarabağın alban məliklərinin mövqeyini gücləndirdi və onların separatizminə təkan verdi. Nadirin ölümü ilə onun dövləti parçalandı, Azərbaycanda yerli dövlətlər - xanlıqlar yarandı. Başqa sözlə Azərbaycan, xanlıqların timsalında özünün dövlət müstəqilliyini növbəti dəfə bərpa etmiş oldu. Keçmiş Gəncə-Qarabağ əyalətinin ərazisində iki Azərbaycan xanlığı - Gəncə və Qarabağ xanlıqları yarandı.



Oxunub: 109321