Baş səhifə   » QARABAĞ MÜNAQİŞƏSİ    » Münaqişədə erməni lobbisinin rolu   

Münaqişədə erməni lobbisinin rolu

  



Dağlıq Qarabağda erməni separatizmi 1988-ci ilin fevralında aktivləşsə də, separatizmin dəstəklənməsi və bu bölgənin Azərbaycanın  tərkibindən çıxarılması istiqamətində dünya ermənilərinin, xüsusən də ABŞ və Fransadakı güclü erməni diasporunun fəaliyyəti ondan xeyli əvvəl başlamışdı.

Həmin illərdə bir sıra qərb, habelə Yaxın Şərq ölkələrindəki erməni diasporu Dağlıq Qarabağda və Ermənistanda gizli fəaliyyət göstərən separatçı erməni təşkilatları “Krunk”, “Qarabağ” komitəsi və “Miatsum”a təşkilati-maliyyə dəstəyini artırdılar. 

1987-ci ilin noyabrında SSRİ prezidenti Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, milliyətcə erməni olan Abel Aqanbekyan Fransaya səfəri zamanı bir qrup fransalı erməni ilə görüşündə ilk dəfə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi barədə çıxış edib. 

Aqanbekyanın çıxışı barədə Fransa kommunistlərinin qəzeti olan “Humanite”də məqalə dərc olunub. Həmçinin Aqanbekyanın Parisdəki çıxışı dərhal xaricdə nəşr edilən çoxsaylı erməni dilli qəzet və jurnalların, habelə radioların əsas mövzusuna çevrildi.

1987-ci ilin sonlarında ABŞ növbəti prezident seçkilərinə hazırlaşırdı və erməni lobbisi bu kampaniyadan istifadə edib Qarabağ məsələsini qaldırmaqda çox gecikmədi. Respublikaçıların Nyu Orlean şəhərindəki konqresində ermənilər “öz müqəddəratını təyin etmək istəyən sovet xalqları” ilə bağlı məsələnin gündəliyə daxil edilməsində israr etdilər. Bu məsələ gündəliyə salındı və ermənilərin planlarına dəstək verən bəyanat qəbul edildi.

Nəhayət 1988-ci ilin fevralında erməni separatizminin aktiv fazaya keçdiyi, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən ayrılıb Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndində başlayan aksiyaların azərbaycanlılara qarşı hücumlarla müşaiyət olunduğu, Ermənistandan azərbaycanlıların məcburi deportasiyasının başladığı bir vaxtda erməni diasporu Qərbdə bu hadisələri “ermənilərə qarşı zorakılıqlar” kimi təbliğ etməyə başladı. 

Amerikalı ekspert Svante Kornellin Dağlıq Qarabağ münaqişəsi barədə 1999-cu ildə dərc edilən kitabında deyildiyi kimi, Qərbdəki erməni diasporu həmin dövrdə “Azərbaycanda ermənilərə qarşı hücumlara etiraz olaraq” Yerevan şəhərinin küçələrinə 1 milyon insanın çıxdığı barədə xəbərləri KİV-lərə yayırdı.

1989-cu il iyulun 27-də “New York Times” qəzeti ABŞ, Kanada, və Avropa ölkələrindən olan 133 insan haqları müdafiəçisinin, ictimai xadimin adından dünya ictimaiyyətinə müraciət qəbul etdi. Müraciəti imzalayanlar arasında erməni xadimləri də yer alırdı. Müraciətdə Azərbaycan SSR ərazisində ermənilərə qarşı 1915-ci il “erməni soyqırımı” ilə müqayisə oluna biləcək zorakılıqların baş verdiyi iddia olunub, Azərbaycanın Ermənistanın blokadasına son qoyması tələb edilmişdi.

1991-ci ildə Dağlıq Qarabağda ermənilər tərəfindən azərbaycanlılara qarşı kütləvi qətliamların genişləndiyi, kəndlərin yandırıldığı və regionun azərbaycanlı əhalisinin öz evlərindən kütləvi şəkildə qovulduğu bir vaxtda ABŞ Senatı Azərbaycanı pisləyən qətnamə çıxarıb. 

Erməni diasporu və lobbiçiləri 1990–cı illərin əvvəllərində qərb ölkələrində Azərbaycanı təcavüzkar kimi təqdim etməkdə uğur qazana bilmişdi, bu zaman Azərbaycan informasiya blokadasında idi.
Erməni lobbisinin əsas vəzifələrindən biri də, Dağlıq Qarabağda erməni terror hücumlarını və azərbaycanlılara qarşı silahlı hücumları maliyyələşdirmək olmuşdu.

1990–1994-cü illər ərzində təkcə  Amerikadakı erməni diasporu Qarabağda gedən işğalçı müharibəni maliyyələşdirmək üçün on milyonlarla dollar vəsait toplayıb Ermənistana göndərib. Bundan əlavə, “Daşnaksütyun” və Amerika Erməni Milli Komitəsi müharibə üçün muzdluların və könüllülərin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə çatdırmaqla, habelə erməni ordusu və silahlı birləşmələri üçün silah və sursat alınması və regiona çatdırılması ilə də məşğul olurdu. 

1992-ci ildə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə qarşı genişmiqyaslı hücumların edildiyi bir vaxtda ABŞ Senatının Azadlığı Müdafiə Aktına 907-ci düzəlişi edərək Azərbaycana yardımları qadağan etməsi də məhz erməni lobbisinin səylərinin nəticəsi idi.



Oxunub: 2884