Baş səhifə   » HAQQIMIZDA    » Təkliflər   

Təkliflər

  


azerbaijans.com və garabagh.net saytlarının ideya müəllifi və qurucusu İlham Abduyevin “Virtual Qarabağ” adlı İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılması ilə bağlı irəli sürdüyü təkliflər paketi

Təkliflərdən öncə bildirmək istərdim ki, “Virtual Qarabağ” mərkəzinin yaradılmasına daha geniş və qlobal aspektdə yanaşdığımızdan bu mərkəzin formalaşmasını bir saytla deyil, virtual dünyaya aid bir çox vasitələrdən istifadə edərək müxtəlif istiqamətli təsisatlarla həyata keçirmək üçün çoxşaxəli fəaliyyət göstərməyi daha doğru hesab edirəm. Buna görə də aşağıdakı təkliflərin ictimai müzakirəyə çıxarılmasını və aidiyyatlı dövlət qurumları ilə əlaqəli şəkildə reallaşmasını məqsədə müvafiq hesab edirəm. Çünki  bu kimi təkliflərin layihələndirilməsinə, həyata keçirilməsinə və ölkə prezidentinin sərəncamı ilə dövlət siyasətinə uyğun olaraq dünyada təbliğinə müvafiq dövlət təşkilatları ilə birgə daha qısa zamanda və daha keyfiyyətli şəkildə nail olmaq mümkündür. Qeyd edək ki, təkliflərin hər birini ayrı ayrılıqda, yaxud istiqamətlərinə uyğun olaraq bir neçəsini bir resursda və ya hamısını bir resursda layihələndirərək icrasını həyata keçirə bilərik. Bunun üçün bizim intellektual və texniki imkanlarımız yetərlidir. 

Təkliflər
Qarabağ probleminin dünyada obyektiv tanınmasında dünya azərbaycanlılarının birgə fəaliyyətini istiqamətləndirən virtual "“Qarabağ”" evinin yaradılması;
““Qarabağ” evi” daha çox Azərbaycan diasporasının koordinasiyasını həyata keçirən virtual məkan olacaq. Buna görə də buraya daha çox xaricdə yaşayan Azərbaycan diasporasının nümayəndələri cəlb olunur. Onlar Azərbaycandan kənarda Qarabağla bağlı istənilən informasiyanı vaxtında əldə edib, adekvat addım atmaq üçün "“Qarabağ” evi”ndə müzakirəyə çıxarırlar və ümumi rəyin əsasında reaksiya verirlər.

Qarabağın sosial şəbəkəsinin yaradılması:
Bu şəbəkənin yaradılmasında əsas məqsəd  dünyadakı qarabağlıların ünsiyyətinə nail olmaq, onları milli ideyalar ətrafında birləşdirməkdir.

Dünyanın ali məktəb tələbələri üçün “Virtal Qarabağ tələbə forumu”; 
Forumda dünya tələbələri arasında Qarabağ probleminin və ona bənzər münaqişələrin müzakirəsi, öyrənilməsi və həlli istiqamətlərində araşdırmaların aparılması nəzərdə tutulur.     

Sosial şəbəkələrdə xarici vətəndaşlardan ibarət Azərbaycanın dostları qruplarının yaradılması:
Bu gün internet istifadəçilərinin hər biri müxtəlif sosial şəbəkələrdən istifadə edirlər. Ölkələr və istifadə etdikləri dillərə uyğun olaraq sosial şəbəkələrdə təbliğat qrupları yaradılacaq və Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün məlumatlandırma işləri aparılacaqdır. 

Qarabağ kəndlərinin haqqında internet resursun yaradılması:
Ermənilər işğal etdikləri ərazilərin guya onlara məxsus olması ilə bağlı internet resurslarda əsassız məlumatlar yayırlar. Xüsusilə də Azərbaycana məxsus kəndlərin adlarını dəyişdirir və həqiqətə uyğun olmayan informasiyalar yerləşdirirlər. İşğal altında olan bütün kəndlərin tarixi, coğrafiyası, adət-ənənəsi və s. haqqında hazırlanacaq virtual ensiklopediya  imkan verəcək ki, internet istifadəçiləri yaşayış məskənlərimiz haqqında doğru və düzgün informasiya əldə edə bilsinlər. 

Qarabağdan yazan və yazmaq istəyən blogçuların hazırlanması, peşəkarlığının artırılması üçün kursların və təlimlərin təşkili, informasiya döyüşçülərinin hazırlanması və  yeni blog saytın yaradılması:
Məlumdur ki, müasir dövrümüzdə insanlar öz fikirlərini, əldə etdikləri məlumatları daha çox bloqlar vasitəsiylə paylaşırlar. Yeni yaradılacaq blog sistemində yalnız Qarabağla bağlı bloglar yaradılacaq və istifadəçilərə blog yazmaq və blogçuluqla bağlı təlimlər keçiriləcək ki, bu da internet şəbəkəsində Qarabağ həqiqətləri ilə bağlı daha çox informasiyanın yayılmasına şərait yaradacaq.

İnternetdə Qarabağ monitorinqi fəaliyyətinin həyata keçirilməsi:
Hər gün internet resurslarda Qarabağla bağlı yayımlanan məlumatlar toplanacaq, internet xəritələrdə, ensiklopediyalarda yayılan səhv məlumatlar aşkarlanıb düzəldilməsi üçün işlər görüləcək. Vikipediya (az.wikipedia.org) açıq online ensiklopediya olduğundan burda qeydiyyatdan keçən hər kəs məqalə yerləşdirə və ya düzəlişlər apara bilər. Buna görə də virtual ensiklopediyada məlumatlar  demək olar ki, hər gün ermənilər tərəfindən təhrif olunur.  Monitorinq nəticəsində təhrif olunan məlumatlar aşkarlanacaq və informasiyalar üzərində düzəlişlər aparılacaq. 

Qarabağın tarixindən bəhs edən sənədli filmlər toplusunun hazırlanması:
Qarabağ tarixi, coğrafiyası, təbiəti, mədəniyyəti, mətbəxi, Qarabağ münaqişəsi, onun fəsadları, Xocalı soyqırımı, münaqişə ilə bağlı dövlət siyasəti və digər sahələrdə sənədli filmlərin hazırlanması və internet resurslarda paylaşılması Qarabağ həqiqətləri ilə bağlı daha dolğun təsəvvür formalaşdıracaq. 

Cizgi və uşaq filmlərinin hazırlanması və internetdə yayılması:
İnternet istifadəçisi olan uşaqların Qarabağ haqqında maarifləndirilməsinə və vətənpərvərlik hisslərinin formalaşdırılmasına, internetdən faydalı şəkildə yararlanmasına şərait yaradacaq. 

““Garabagh.net” saytının bazasında söz-söz “Virtual “Qarabağ” ensiklopediyası” yaratmaq:
Bu Qarabağla bağlı ən fundamental ensiklopediya olaraq həm azərbaycanlıların, həm də xaricilərin Qarabağ haqqında hər şeylə ətraflı məlumatlanmasına və bunula da əsl həqiqəti öyrənə biləcəyinə imkan yaradacaq;

Qarabağa həsr olunmuş bütün elmi, publisistik əsərləri (kitab, məqalələr, məcmuə və s.) özündə cəmləyən ““Qarabağ” salnaməsi” adlı virtual kitabxananın yaradılması:
Bu kitabxananın vasitəsilə Qarabağla bağlı bütöv bir informasiya mənbəyi yaradılır. Burada həm Qarabağın tarixi, mədəniyyəti, təbiəti, həm də Qarabağ münaqişəsinin tarixi və hal-hazırkı durumu barədə geniş bilgi toplanması və həmin materialların elektron oxunulması təmin ediləcək.  

Qarabağla bağlı elektron test banklarının (müxtəlif fənlər üzrə) yaradılması və bunun orta məktəblərdə interaktiv təhsildə istifadəsini təmin etmək:
Belə bir test bankının yaradılması gənc nəslin Qarabağ haqqında bütün həqiqətləri həm də tədris prosesində öyrənməsi, bununla da onlarda vətənpərvərlik və vətənimizin bir parçası olan Qarabağa tam sahiblik hissinin aşılanması məqsədi güdür.

Qarabağa aid bir neçə dildə fəaliyyət göstərəcək xəbər saytı:
Yalnız Qarabağla bağlı fəaliyyət göstərəcək online xəbər saytı istər ölkə daxilində, istərsə də ölkədən kənardakı internet istifadəçilərini düzgün informasiya ilə təmin edəcək;

Yalnız Qarabağla bağlı bir neçə dildə fəaliyyət göstərən internet radionun istifadəyə verilməsi:
Bu radioda Qarabağa həsr olunmuş musiqilər, qarabağlı ifaçıların ifaları  səsləndiriləcəkdir. Eyni zamanda burada bütövlükdə Qarabağa aid bir neçə dildə audio verilişlərin hazırlanması nəzərdə tutulur.

Qarabağa aid bir neçə dildə fəaliyyət göstərən internet televiziyanın hazırlanması:
İnternet jurnalistikasının ən aparıcı növlərindən olan İnternet televiziya getdikcə daha da populyarlaşır. Müasir dövrdə İnternet televiziyalar daha çox maraq doğurur. Hazırlanacaq online TV bütövlükdə Qarabağa həsr olunacaq. 

Video roliklərin hazırlanması və Youtube və digər video paylaşım saytlarında  yerləşdirilməsi:
Dünyada ən məşhur video paylaşım resursu olan Youtube  üçün Qarabağla bağlı kadrların hazırlanması və yayılması Qarabağın dünyada tanınması işində xüsusi əhəmiyyətli olacaq.  



Oxunub: 29457