Baş səhifə
» QARABAĞ MÜNAQİŞƏSİ
» İşğal altındakı ərazilərdə qanunsuz məskunlaşma
İşğal altındakı ərazilərdə qanunsuz məskunlaşmaQanunsuz məskunlaşdırma 90-cı illərin ortalarında kütləvi xarakter alıb Qanunsuz məskunlaşdırma prosesi ötən əsrin 90-cı illərinin ortalarında xüsusilə geniş vüsət alıb. Ermənistan hökuməti vaxtilə Bakıdan və Azərbaycanın digər yerlərindən köçüb gedən ermənilərin bir hissəsini işğal altındakı ərazilərə köçürüb, habelə Yaxın Şərq ölkələrindən və digər xarici ölkələrindən ermənilərin bu ərazilərə köçürülməsinə dair xüsusi proqram həyata keçirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın müşaviri Levon Zurabyanın bildirdiyinə görə, 1998-ci ilə qədər təkcə Laçın rayonu ərazisində məskunlaşdırılan ermənilərin sayı 15 mindən çox olub. Ermənistan hökuməti Dağlıq Qarabağda və işğal altında olan digər Azərbaycan ərazilərində məskunlaşan erməni ailələrinə birdəfəlik maddi yardım göstərib, onları mal-qara ilə təmin edib. Ermənistan büdcəsindən işğal altındakı ərazilərdə aparılan məskunlaşmanı dəstəkləmək üçün hər il xüsusi maliyyə ayrılıb. Rəsmi Bakının etirazları və ilk beynəlxalq missiya 2004-cü ildən etibarən “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihələri bir neçə dəfə BMT Baş Assambleyasının illik sessiyalarının gündəliyinə daxil edilib. 2004-cü ildə Azərbaycanın ilk dəfə BMT Baş Assambleyasında işğal altındakı ərazilərdəki qanunsuz məskunlaşdırma, qeyri-qanuni iqtisadi fəaliyyət, tarix-mədəniyyət abidələrinin dağıdılması və digər fəaliyyətlər barədə məsələni müzakirəyə çıxarmasından sonra münaqişənin nizamlanmasına dair vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupu bu məsələləri araşdırmaq üçün xüsusi missiya yaradıb. Missiyanın təşkili BMT Baş Assambleyasının həmin il keçirilən 59-cu sessiyasının gündəliyinin "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" barədə 163-cü bəndinin müzakirəsi çərçivəsində həyata keçirilib. ATƏT-İN 2005-ci ildəki faktaraşdırıcı missiyasının tərkibi ATƏT-in Minsk Qrupunun Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlərinin razılaşması əsasında yaradılmış Faktaraşdırıcı Missiyasının (OSCE Minsk Group Fact-Finding Mission ) tərkibinə Minsk Qrupuna həmsədrlik edən ölkələrin-ABŞ, Fransa və Rusiyanın, habelə Minsk Qrupuna daxil olan ölkələrdən Almaniya, İtaliya, Finlandiya və İsveçdən olan ekspertlər daxil edilib. Missiyada həmçinin ATƏT sədrinin fəaliyyətdə olan şəxsi nümayəndəsi Anjey Kasprşik və ATƏT Katibliyinin nümayəndələri də iştirak edib. ATƏT-in Minsk Qrupunun Faktaraşdırıcı Missiyası 2005-ci il 31 yanvardan 6 fevraladək Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı 7 işğal olunmuş rayonunda müşahidələr aparıb. Missiya 2005-ci ilin martında işğal altındakı Azərbaycan ərazilərindəki vəziyyətə dair hazırladığı hesabatı ATƏT-in Vyandakı katibliyinə, həmçinin münaqişə tərəflərinə təqdim edib. Missiya qanunsuz məskunlaşdırmanın kütləvi xarakter daşıdığını təsdiq edib ATƏT-in Faktaraşdırıcı Missiyasının həmin hesabatında Ermənistanın işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırma həyata keçirdiyi barədə Azərbaycanın neçə vaxtdır ifadə etdiyi narahatlıqlarını təsdiqləyib. Missiya işğal altındakı ərazilərdə məskunlaşdırılan ermənilərin sayını vizual qiymətləndirmə yolu ilə müəyyən edib və ortaya çıxan rəqəmlər Azərbaycanın daha əvvəl açıqladığı rəqəmlərə xeyli yaxın olub. Missiya müəyyən edib ki, işğal altındakı ərazilərdə məskunlaşdırılan ermənilərin sayı 17 mindən çoxdur. Həmin missiyanın araşdırmasından əvvəl Azərbaycan bu rəqəmin 20-23 min arasında olduğunu bəyan etmişdi. ATƏT-in Faktaraşdırıcı Missiyası həmin hesabatında təkcə Laçın rayonu ərazisində 8-11 min erməninin yerləşdirildiyini müəyyən edib. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır. Azərbaycan XİN bəyan edib ki, Laçın rayonunda əhalinin mütəşəkkil surətdə yerləşdirilməsinin missiya tərəfindən təsdiq olunması xüsusi narahatlıq doğurur. Belə ki, əvvəllər burada ümumiyyətlə ermənilər yaşamayıb. Azərbaycan XİN bəyan edib ki, ATƏT missiyasının regiona göndərilməsi BMT Baş Assambleyasının prinsipial mövqeyi sayəsində mümkün olub. Bəyanatda qeyd olunub ki, bu missiya Azərbaycan ərazilərinin işğal olunduğu və BMT Təhlükəsizlik Şurasının Ermənistanla Azərbaycan arasında münaqişəyə dair müvafiq qətnamələr qəbul etdiyi vaxtdan bəri ilk dəfə həyata keçirilib. Minsk Qrupu həmsədrləri Faktaraşdırıcı Missiyanın hesabatı ilə yanaşı məktub da yayıblar. Məktubda həmsədrlər işğal olunan torpaqlarda ermənilərin məskunlaşdırılması prosesinin dayandırılması, regionun demoqrafik strukturunda dəyişikliklərə son qoymaq tələbləri ilə çıxış ediblər və donor ölkələri məskunlaşmış əhalinin Ermənistana qaytarılmasına yardım göstərməyə çağırıblar. Həmsədrlər xüsusi vurğulayıblar ki, bu vəziyyətin uzun müddət qalması sülh prosesini ciddi şəkildə mürəkkəbləşdirər. ATƏT-in 2010-cu il Sahə Qiymətləndirmə Missiyasının təşkili 2010-cu ilin sentyabrında BMT Baş Assambleyasının növbəti illik sessiyası zamanı Azərbaycan növbəti dəfə işğal altındakı ərazilərdəki vəziyyət barədə qətnamə layihəsini müzakirəyə çıxarıb. Layihənin səsvermədən keçməsi şanslarının kifayət qədər yüksək olmasını nəzərə alan Ermənistan işğal altındakı Azərbaycan ərazilərindəki vəziyyəti araşdırmaq üçün ATƏT-in Minsk Qrupu tərəfindən daha geniş mandata malik Sahə Qiymətləndirmə Missiyasının bu ərazilərə səfər etməsinə razılıq verib. Minsk Qrupunun həmin il yaradılmış Sahə Qiymətləndirmə Missiyası Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında olan işğal edilmiş ərazilərdə ümumi vəziyyətin dəyərləndirilməsi məqsədilə 7-12 oktyabr 2010-cu il tarixlərində həmin ərazilərdə olub. İkinci beynəlxalq missiya da məskunlaşdırma siyasətinin davam etdiyini təsdiqləyib Sahə Qiymətləndirmə Missiyası bir daha Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılma siyasətinin davam etdirildiyini, həmçinin infrastruktur dəyişikliklərin və iqtisadi fəaliyyətin həyata keçirildiyini aşkarlayıb. Əyani qiymətləndirmə və yerli əhali tərəfindən verilmiş məlumatlara əsasən, Azərbaycanın işğal olunmuş yeddi rayonunda qanunsuz şəkildə məskunlaşmış ermənilərin sayı Missiya tərəfindən təqribən 14 min nəfər göstərilib. Bu köçkünlərin bir hissəsi bərpa edilən və ya yenidən inşa edilmiş evlərdə yaşayır. Erməni mənbələrində yer alan faktlar Ermənistan mənbələrində, erməni rəsmilərinin açıqlamalarında da işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırmanı təsdiqləyən faktlara müntəzəm rast gəlinir. Məsələn, 2012-ci ilin aprelində Ermənistanın “Panarmenian” agentliyi qondarma Dağlıq Qarabağ “hökumətinin” üzvü Narine Astçatryana istinadən xəbər yayıb ki, son beş ildə Azərbaycanın işğal altında olan ərazilərinə 600-dən çox erməni ailəsi köçürülüb. Həmin ailələrin əksəriyyətinin qoşunların təmas xətti yaxınlığında məskunlaşdırıldığı bildirilib. Təkcə 2010-cu ildə Azərbaycanın işğal altındakı Laçın rayonu ərazisində 199 erməni ailəsi (616 nəfər) məskunlaşdırılıb. 2011-ci ilin ilk aylarında isə Laçında daha 50 ailə yerləşdirilib. 2011-ci ilin sonuna qədər isə ümumilikdə Laçın rayonu ərazisində 300 ailənin məskunlaşdırılması planlaşdırılırdı. Dağlıq Qarabağdakı qanunsuz rejimin rəsmiləri deyiblər ki, bu əraziyə köçürülənlərə və daimi məskunlaşmağa razılıq verənlərə güzəştli kreditlər ayrılır, onlar tikinti materialları, həmçinin köçmə və əmlakın daşınması üçün nəqliyyat vasitələri ilə təchiz olunur. Livanda fəaliyyət göstərən «Artsax» fondu tərəfindən Laçında məskunlaşdırılmış erməni ailələrindən hər birinə kənd təsərrüfatı yaratmaq üçün 2700 ABŞ dolları məbləğində güzəştli kredit verilib. Suriya ermənilərinin Qarabağa köçürülməsi prosesi 2012-ci ildə isə Suriyadakı münaqişə ilə bağlı bu ölkəni tərk edən ermənilərin işğal atındakı Azərbaycan ərazilərində məskunlaşdırılmasına dair fəal kampaniya başlayıb. Ermənistan Nazirlər Kabineti bu məsələni müzakirə etmək üçün xüsusi qapalı iclas keçirib. 2012-ci ilin avqust ayının sonlarına olan məlumatlarına əsasən artıq işğal altındakı Laçın rayonuna 15, Kəlbəcər rayonuna isə 1 suriyalı erməni ailəsi yerləşdirilib. Beləliklə, Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində demoqrafik strukturu süni şəkildə dəyişmək səyləri Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesini daha da mürəkkəbləşdirir. Qanunsuz məskunlaşdırmanın təkcə Dağlıq Qarabağın inzibati hüdudları ilə məhdudlaşmayıb işğal altındakı ətraf rayonları da əhatə etməsi Ermənistanın bu ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini bir daha göstərir.
|