Baş səhifə   » COĞRAFİYA    » Qarabağın faunası   

Qarabağın faunası

  


Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş füsünkar və dilbər guşəsi, dünyada çox nadir və təkrar olunmaz iqlimə, bitki örtüyünə və heyvanlar aləminə malik olan Qarabağ Kiçik Qafqaz təbii vilayətinin ən xarakterik hissəsidir. Qarabağ Ermənistanın işğalına qədər özünün heyvanlar aləmilə Azərbaycanın qalan 4 təbii vilayətlərindən zəngin biomüxtəlifliyilə üstünlük təşkil etmişdir. İşğal edilmiş ərazilərdə məskunlaşmış fauna növləri sırasında quru onurğalıları xüsusilə üstünlük təşkil etmişdir. Bu növlər içərisində Kiçik Qafqaz təbii vilayətinə daxil olan Dağlıq Qarabağ və Aran Qarabağ ərazilərinə aid olan landşaft və biotoplarda məskunlaşmış nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlərin taleyi daha çox narahatlıq doğurur.
Azərbaycanda mövcud olan faunanın 25 min növü buğumayaqlılar, 630 növ isə onurğalılar faunasının payına düşür. Bütün fauna 25630 növdən və yarımnövdən ibarətdir.
Bu faunaya daxil olan və erməni işğalı altında qalmış Dağlıq Qarabağ və ətraf rayonların ərazisində 5307 növ fauna nümayəndələri olmuşdur ki, bu da ümumi faunanın 20,7%-ni təşkil edir.
Bu qoruqlarda fauna növlərindən canavar, çaqqal, çöl donuzu, porsuq, bezoar keçi, cüyür, dovşan və müxtəlif gəmiricilər; 
bildirçin, alabaxta, göyərçin, kəklik, turac kimi quşlara da rast gəlinirdi. Eləcə də yasaqlıqlarda 
1. Çöl donuzu, 
2. Qonur ayı, 
3. Bezoar keçi, 
4. Cüyür, 
5. Canavar, 
6. Tülkü, 
7. Çaqqal, 
8. Bəbir (ehtimal olunurdu) və s. kiçik gəmiricilər, quşlardan tetra, bildirçin, alabaxta, kəklik və yırtıcı quşlar məskunlaşmışdılar.
İşğal altında qalmış ərazilərdən biri də Daşaltı dövlət yasaqlığıdır. Yasaqlığın yaradılmasında əsas məqsəd «Topxana» adlanan dövlət meşə fondunun və burada məskunlaşmış cüyür, çöl donuzu, dələ, dovşan, canavar, tülkü, çaqqal və s. heyvanlar, onlarla növ quşun qorunmasından ibarət olmuşdur.
İşğal olunmuş Dağlıq Qarabağ və onun ətraf rayonları (Laçın, Ağdam, Fizuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər) ərazilərində məskunlaşmış Cücülər (Həşarat) sinifi İnsekta nümayəndələrindən işğal olunmuş Qarabağ ərazisində 70 növə qədəri məskunlaşmışdır.
Dağlıq Qarabağ və onun ətraf rayonları təbii şəraiti və bitki örtüyü ilə Azərbaycanın digər rayonlarından kəskin surətdə fərqlənməklə çox zəngin onurğasız heyvanlar aləminə malikdir. Burada işğala qədər Dağlıq Qarabağ və onun ətraf rayonlarında cücülərin təxminən 4500-5000 növü yayılmışdır. Bu növlər Azərbaycanda yayılmış ümumi buğumayaqlıların 20%-ə qədərini təşkil edir. İşğal olunmuş ərazilərdə cücülər faunasının 56 növü nadir, endemik və nəsli kəsilmək təhlükəsində olan növlər olduğu üçün onların çoxu xüsusi olaraq Beynəlxalq Təbiəti Mühafızə İttifaqının Qırmızı siyahısına və Azərbaycanın Qırmızı kitabına daxil edilmişdir.
Azərbaycanın heç bir yerində təsadüf edilməyən endemik və relikt, hətta fauna və elm üçün yeni olan onurğasız heyvan növləri olduqca çoxdur. Bu çoxluq buranın sakinləri olan bütün onurğasız heyvan qruplarında özünü göstərir. Elə buna görə də Dağlıq Qarabağ və onun ətraf rayonları maraqlı bir ərazi kimi Azərbaycan entomoloqlarının diqqət mərkəzində olmuşdur. Onlar bu ərazilərdən, xüsusilə burada müharibə başlanmamışdan əvvəl hərtərəfli tədqiqat işləri aparmışlar. Bu məqsədlə Ağdam, Şuşa, Ağdərə, Xocavənd, Kəlbəcər, Tərtər, Cəbrayıl, Qubadlı, Zəngilan, Fizuli rayonlarına vaxtaşırı ekspedisiyalar təşkil olunmuş, çoxlu onurğasız heyvan növü toplanmışdır. Toplanmış onurğasızlardan ən geniş yayılanı və zəngin növ tərkibinə malik kəpənəklər və böcəklər olmuşdur.
Materialların təyini və işlənməsi nəticəsində müəyyən olunmuşdur ki, ayıca kəpənəklərindən nadir və nəsli kəsilmək təhlükəsi olan 28 növ Dağlıq Qarabağda yayılmışdır. Bunlar:  
1. Sarımtıl-boz şibyəyeyən, 
2. Sarı peloziya, 
3. Tünd ayıca, 
4. Gözəl ayıca,
5. Təmiz ayıca, 
6. Qonuru sarı ayıca , 
7. Filip ayıcası , 
8. Xanım ayıca, 
9. Qara ayıca, 
10. Karelini ayıcası, 
11. Daurica ayıcası, 
12. Sarı zolaqlı ayıca , 
13. Ağ zolaqlı ayıca, 
14. Turan ayıcası, 
15. Güvəyəbənzər qırmızımtıl sarı şibyəyeyən, 
16. Dördnöqtəli şibyəyeyən ayıca ,
17. Qırmızı nöqtəli ayıca, 
18. Alqırmızı ayıca , 
19. Hera ayıcası ,
20. Hebe ayıcası , 
21. Çəmənlik ayıcası, 
22. Qırmızı ayıca və s.
Bundan başqa Dağlıq Qarabağ və onun ətraf rayonları ərazilərində faydalı cücülərdən Brokonidlər, Xalsidlər, İxnevmanidlər və Arıkimilər geniş yayılmışdır.
Təəssüf ki, ermənilər tərəfdən aparılan müharibə nəticəsində nadir və nəsli kəsilməkdə olan cücülərin yaşadığı biotop və biosenozlar dağıdılmış, onların qidalandığı bitkilər və göstərilən faydalı cücülər məhv edilmişdir.
Qarabağ həm də ixtiofaunası ilə də zəngindir. Belə ki, Azərbaycanın şirin sularında yaşayan 62 növ balığın 14 növü işğala qədərki dövrdə Dağlıq Qarabağ və ətraf rayonların daxili su hövzələrində yaşamışdı. Bu da ümumi şirin su balıqlarının 22,6%-i təşkil edir. Buraya əsasən 
1. Forel (qızılxallı), 
2. Xramulya, 
3. Kür şirbiti, 
4. Qıjovçu, 
5. Mursa, 
6. İlişkən və çılpaqça, 
7. Zərdəpər, 
8. Qafqaz enlibaşı, 
9. Kür gümüşcəsi, 
10. Qafqaz gümüşcəsi, 
11. Yastıqarın, 
12. Çəki , 
13. Kür qızılbalığı və s. kimi blıqlar daxildir. 
Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Qarabağ ərazisində respublika amfibilər faunasını təşkil edən 10 növ suda-quruda yaşayanların 4 növü (40%) və sürünənlər faunasını təşkil edən 62 növdən 35 növü (53%) məskunlaşmışdır. Həmin növlər aşağıdakılardır:
1. Yaşıl,  
2. Quru qurbağası, 
3. Göl qurbağası, 
4. Adi ağac qurbağası, 
5. Kiçik Asiya qurbağası, 
6. Xəzər tısbağası, 
7. Aralıq dənizi tısbağası, 
8. Qafqaz kələzi, 
9. Koramal, 
10. Qurdvari kor ilancıq, 
11. Qərb yatağanı, 
12. Suilanı, 
13. Zaqafqaziya təlxəsi, 
14. Qonur ilan, 
15. Gürzə və s
Azərbaycanın məməlilər faunasını təşkil edən 107 növ heyvandan işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların ərazisində 61-növü məskunlaşmışdır. Bu isə işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında erməni təcavüzünə qədər məskunlaşmış məməlilər faunası Azərbaycanda mövcud olan fauna növlərinin 57%-ni təşkil edirdi. Məməlilər sinifinə (Mammalia) daxil olan növlər bunlardır: 
1. Həşaratyeyənlər, 
2. Ağdöş kirpi, 
3. Xırda göstəbək, 
4. Qafqaz qonurdişi, 
5. Xırda ağdiş, 
6. Kiçik nalburun, 
7. Adi uzunqulaq yarasa, 
8. Üçrəng şəbpərə, 
9. Kürən axşamyarasası, 
10. Iran sincabı, 
11. Hindistan tirəndazı,  
12. Süleysin, 
13. Kiçik Asiya ərəbdovşanı, 
14. Boz siçovul, 
15. Qara siçovul, 
16. Çöl siçanı, 
17. Avropa qar siçanı,
18. Porsuq, 
19. Qonur ayı, 
20. Canavar, 
21. Çaqqal, 
22. Tülkü, 
23. Bəbir, 
24. Talış pişiyi, 
25. Qafqaz meşə pişiyi, 
26. Vaşaq, 
27. Çöl donuzu, 
28. Cüyür və s. 

İşğal olunmuş ərazilərdə erməni təcavüzünə qədərki dövrdə başqa qrup heyvanlara nisbətən quşlar faunası daha da zəngin olmuşdur. Belə ki, Azərbaycanda mövcud olan 367 növ quşun sözü gedən ərazidə 200 növünə rast gəlinirdi. Quşların ərazi üzrə paylanması qeyri bərabər idi. Bu isə Azərbaycan ornitofaunasının 54,4%-ni təşkil edirdi.
Yüksək dağlıq hissələrdə (dəniz səviyyəsindən 2000 m-dən yüksək ərazilər) quşların yaşayış biotopları sıldırımlı qayalardan, daş yığınlarından, alp və subalp çəmənliklərindən ibarətdir. Bu hissələrdə:
1. Xəzər ularına, 
2. Toğlu götürənə, 
3. Berkuta, 
4. Məzar qartalına, 
5. Böyük qartalçaya, 
6. Kiçik qartalçaya, 
7. Qara kərkəsə, 
8. Tetra quşuna, 
9. Ağbaş kərkəsə, 
10. Quzğuna, 
11. Qırmızıdimdiyə, 
12. Bildirçinə, 
13. Kəkliyə, 
14. Dağ bayquşuna və s. rast gəlinirdi.
Dağ meşələrində (dəniz səviyyəsindən 400-2200 m hündürlükdə) 100-dən artıq quş növü yaşayırdı. Burada yaşayan quşlara 
1. Bildirçinçalanı, 
2. Tetraçalanı, 
3. Adi şahini, 
4. Tetra quşunu, 
5. Ağacdələnləri, 
6. Sultanı, 
7. Meşə sərçəsini və s. misal göstərmək olar.

Dağ ətəyi seyrək quraqlıq meşə və kolluq sahələrində 
1. boz kəkliyə, 
2. adi qur-qura, 
3. qarabaş vələmir quşuna, 
4. alaçəhrəyə, 
5. bez silviyə, 
6. qara qaratoyuğa və s. növlərə rast gəlinirdi.

Araz boyu yarımsəhra və çöllüklərə isə: 
1. çobanaldadan, 
2. qaraqaş, 
3. bağuqala, 
4. anqut, 
5. boz, 
6. kəkilli, 
7. tarla və çöl torağayları, 
8. turac, 
9. bildirçin, 
10. çöl haçaquyruq cüllütü 
11. bəzgəkə təsadüf edilirdi.
Miqrasiya vaxtı göstərilən ərazilərdə quşların növ tərkibi daha zəngin olurdu. Zağca, sığırçın, tarla vələmirquşu və s. yırtıcı quş növləri çox saylı olurdu.
Ermənilər tərəfindən işğal olunmuş ərazilərdə yaşayan bəzi quşlar Azərbaycanın Qırmızı kitabına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilmişdir. Onlar 22 növdür:
1. qara leylək, 
2. çay qaraquşu, 
3. ağ quyruq, 
4. dəniz deltası, 
5. tetraçalan qırğı, 
6. Türküstan tüküyü, 
7. çöl qartalı, 
8. Böyük qartalca, 
9. məzar qartalı, 
10. Berkut, 
11. toğlu götürən, 
12. qala kərkəz, 
13. ilanyeyən, 
14. çöl belibağlısı; 
15. belobam adi şahin, 
16. çöl muymulu, 
17. qafqaz tetrası, 
18. tural, 
19. adi çiv dimdik bəzdək). 
Zəngin təbiəti, flora və faunası ilə fəqlənən Qarabağda nadir və endemik quş növləri ilə yanaşı, nəsli kəsilməkdə olan quş növləri də müxtəlif qoruq və yasaqlıqlarda qorunmuşdur. Lakin erməni təcavüzü minlərlə insan həyatına və arzularına son qoymaqla bərabər, gözəl təbiət incilərini də məhv edərək, bununla yalnız vətənimizə yox, həm də bütün dünyaya əvəzi ödənilə bilməyən zərər vurmuşdur. Həmin nadir quşların yalnız bir qismi aşağıda verilmişdir:
Erməni işğalına məruz qalmış Dağlıq Qarabağ və onun ətraf rayonlarının ərazisi Azərbaycanın ən zəngin biomüxtəlifliyə malik olan Kiçik Qafqaz təbii vilayətinin payına düşür. Göründüyü kimi, cücülərdən tutmuş məməlilər faunasının nümayəndələrinə qədər nadir, nəsli kəsilmək təhlükəsində olan növlərin müxtəlifliyi, eyni zamanda Qafqaz və Azərbaycan ərazisi üçün endemik, relikt, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilmiş fauna növləri ümumi şəkildə bu təbii vilayətdə məskunlaşan heyvanların 25-30%-ni təşkiledir. Belə endemikliyin olması göstərir ki, Qarabağ ərazisi təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqaz regionunun yeni növlərin yaranması regionudur.



Oxunub: 69750