Baş səhifə   » AZADLIĞI MÜDAFİƏ AKTI    » “Azadlığı müdafiə aktı”na düzəliş   

“Azadlığı müdafiə aktı”na düzəliş

  



Ermənilərin xarici dövlətlərdə Azərbaycana qarşı apardıqları informasiya müharibəsinin nəticələrindən biri də Azərbaycanı ABŞ-ın yardımından məhrum edən, ABŞ Konqresinin qəbul etdiyi “Azadlığı müdafiə aktı”na "907-ci düzəlişdir". "Azadlığı müdafiə aktı" (tam adı: "Rusiyada azadlığın, Avrasiyada demokratiyanın, açıq bazar müdafiəsi haqqında akt) 1992-ci il oktyabrın 24-də ABŞ Konqresi tərəfindən qəbul edilmişdir. Bu qanun SSRİ-nin dağılmasından sonra yeni müstəqil dövlətlərə yardım haqqında ABŞ Konqresinin ilk qanunvericilik aktıdır. "Azadlığı müdafiə aktı" azadlığa dəstəyin aşağıdakı bölmələrini əhatə edir:
- yardımı təmin etmək üzrə əsas tədbirlər;
- ikitərəfli iqtisadi yardımı fəallaşdırmaq;
- işgüzarlığın və ticarətin inkişafı;
- yeni demokratiyalara kömək üçün qeyri - hökumət təşkilatlarının yaradılması;
- təşkilat planı və onun həyata keçirilməsi;
- kosmos sahəsində əməkdaşlıq;
- kənd təsərrüfatı sahəsində ticarət;
- ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Dövlət Departamenti, onlarla qohum təşkilatlar və onların fəaliyyəti;
- yardımı təmin etmək üzrə digər tədbirlər;
- beynəlxalq maliyyə təşkilatları.
"Azadlığı müdafiə aktı" çərçivəsində ABŞ hökumətinin həyata keçirdiyi proqramlar aşağıdakı istiqamətlər üzrə qruplaşdırılır:
- ABŞ hökumətinin MDB - də işgüzar fəaliyyətə, idxal və ixracın inkişafına yardım proqramları;
- ABŞ hökumətinin maliyyəşdirmə proqramları.
- Texniki yardım proqramları.

“Azadlığı müdafiə aktı”na 907-ci düzəlişi (1992-ci ilin dekabrında qəbul olunmuşdur) isə senator Kerri (Massaçusetss ştatı) irəli sürmüşdü. 907-ci düzəliş Azərbaycana verilən yardımı məhdudlaşdırırdı və burada göstərilirdi ki, Azərbaycan hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı bütün blokadaların və hərbi gücdən istifadənin ləğvi sahəsində nümayişkaranə addımların atılmadığını prezident müəyyən etməyincə və bunu Konqresə bildirməyincə, Azərbaycan hökumətinə yardım göstərilməyəcəkdir.
2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş terror aktından sonra beynəlxalq siyasi vəziyyət dəyişikliklərə məruz qaldı. Bu hadisədən sonra ABŞ prezidenti Corc Buş beynəlxalq antiterror koalisiyasının üzvü olan Azərbaycana qarşı tətbiq edilən 907-ci düzəlişin dayandırılması məsələsini qaldırdı. Nəticədə 2002-ci ilin yanvarından "Azadlığı müdafiə aktı"na 907-ci düzəlişin qüvvəsi dayandırıldı.



Oxunub: 9814