Baş səhifə   » MEMARLIQ    » Qarabağın memarlığı haqqında    » Orta əsrlər   

Orta əsrlər

  


VII əsrin sonunda Azərbaycanın cənub hissəsi Ərəb Xəlifətinin tərkibinə daxil olmuşdur, şimal hissəsi isə onun itaətində idi. Ölkədə yeni din yayılmışdır – İslam. Əhalinin çox hissəsi bu dini qəbul etmiş, az hissəsi xristian dinini saxlamışdır. Yaranmış vəziyyətdən yararlanaraq, erməni katalikosu İlya xəlifə Əbdulməlikə xəbər verir ki, guya Azərbaycanın xristian-albanları ona qarşı qiyama hazırlaşırlar və buna mükafat olaraq 705-ci ildə xəlifə Alban Apostol Avtokefal kilsəsinin erməni qriqorian kilsəsinin tabeçiliyinə keçməsi haqqında əmr verir. Bundan sonra Qarabağın dağlıq hissəsində xristian-albanların deetnoslaşdırma, konfesional ermənilərin formalaşma prosesi başlamışdır. 
Azərbaycanda islamın qəbulu ilə yeni dövr başlandı. Xəlifətin şimalda mərkəzi Qarabağ idi (Bərdə şəhəri). VIII əsrdən başlayaraq burada xristian memarlığının inkişafı dayanmış və tikililərin inşası yeni müsəlman şəhərsalma üslubuna uyğun davam etdirilmişdir.
İslam tələblərinə uyğun yeni növ tikililərin əmələ gəlməsi əvvəllər formalaşmış memarlıq ənənələrinin inkişafına heç bir maneə törətməmişdir. Tədqiqatlar göstərir ki, Azərbaycan şəhərlərində məscidlərlə yanaşı alban xristian məbədləri də qorunub saxlanmışdır. Bu haqda orta əsrlər ərəb və fars mənbələrində kifayət qədər məlumatlar vardır. Bu İslam dininin monoteist dinlərə rəğbəti hesabına mümkün idi və ona görə də, bu dinlərə aid olan abidələrə dəymirdilər. İkincisi, bu abidələr IV əsrdə xristianlığı və VII əsrin ortalarından islamı qəbul etmiş yerli xalqların maddi və mənəvi irsi idi. Bunun bariz nümünəsi Qarabağda qorunmuş alban xristian məbədləridir.
Xəlifətin həm Yaxın Şərqdə, həm də Azərbaycanda, o cümlədən Qarabağda, möhkəmlənməsi hesabına yeni üslubda şəhərlər və məscidlər kompleksi inşa olunurdu. Qarabağda aparılan arxeoloji qazıntıların nəticələri müxtəlif tikililərin yüksək bədii tərtibatını təsdiqləyir. 
Qarabağa aid olan Ağdərə, Kəlbəcər, Xocavənd, Şuşa, Xankəndi, Tərtər, Füzuli, Cəbrayıl, Ağcabədi, Laçın, Qubadlı və Zəngilan şəhərlərinin quruluşunda milli-mənəvi və ideoloji təfəkkür tərzi inşa mədəniyyətində öz bədii əksini tapmışdır. 
Ərəb mənbələri Bərdə şəhərində qırmızı kərpicdən tikilmiş gözəl evlərin və üstüörtülü bazarların mövcudluğunu qeyd edirlər. Əlavə etmək lazımdır ki, bu kimi tikililərə bütün müsəlman Şərqində rast gəlmək olar. XI-XII əsrlərdə Şirvan-Abşeron və Naxçıvan-Marağa məktəblərinin memarlıq istiqamətlərinin geniş yayilması zamanı Qarabağ memarlıq məktəbi də fəaliyyət göstərirdi. Və bu orta əsr Azərbaycan memarlığının inkişafını müəyyənləşdirdi.
Füzuli zonasında – Şeyx Yaqubun türbəsi (XII ə.), Qoç Əhməd kəndində Cümə məscidi, Əhmədəllər kəndində Hacı Ələsgər məscidi, Mir Əli məscidi (XIV ə.) və XIV əsrə aid olan məbədlər, şeyx İbrahimin (XVII ə.), Əhməd Sultan Cəlalın (XIX ə.) türbəsi, Horadizdə - cümə məscidi, Dağlıq Qarabağda – Əskərən qalası, Xankəndi türbəsi, Cəbrayıl rayonunda – “Qız qalası”,Ağdam zonasında – 12 bucaqlı məbəd Xaçın-Turbatlı kəndi yaxınlığında – Şahbulaq qalası, Şahbulaq məscidi, Ağdamın Cümə məscidi, Pənah-Əli xanın və onun nəslinin türbəsi, Abdal-Gülablı kəndində olan hamam (XX ə.), Bərdə rayonunda – Əhsədəm baba türbəsi (XIV), İmamzadə məscidi (XIX), Bəhmən Mirzə türbəsi; Şuşada – 8 bucaqlı türbə, Pənəhabad qalası (Şuşa), Natavanın evi, Mamayı məscidi, Məşədi Şükür Mirsiyab karvansaray məscidi, Culfalar məscidi, Hacı Yusifli, Saatlı, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa (XIX), Xan evi, gimnaziyanın binası; Laçın zonasında – Qarasaqqal tikilisi, Soltan baba, Şeyx Əhməd, Sarı Aşıq (XV), Cimli və Quşçu kəndlərində - Uşaq qalası, Böyük bulaq (XV ə.); Ağcabədidə - Bayat qalası (XVIII ə.), Xəmsə Soltan sarayı – qiymətli tarixi və mədəni abidələrdir. Bu abidələrin əksəriyyəti memorial tikililərin əsas növünü təşkil edirlər. Qarabağın çox hissəsinin erməni işğalı altında olduğu şəraitdə bu abidələrin çoxu məhv olub.
Orta əsr yazılı mənbələrində Qarabağ ərazisindəki qalalar, şəhər qalalar, qəsrlər və digər memarlıq abidələri barədə məlumatlara rast gəlmək olar. XIII əsr ərəb səyyahı Yaqut əl-Həməvi “Mücam əl-buldan” əsərində Bərdə şəhərinin bişmiş kərpicdən və daşdan tikilmiş binaları və şəhər yaxınlığında yerləşən İzz qalası, Şamxor qalası, Kazanc qalası barədə məlumatlar verir. Onun fikrincə “Kazanc” sözünün mənası “gizlənc yeri” deməkdir. XIII əsr səyyahı Həmdullah Qəzvini “Nüzhət əl-qülub” əsərində Kür və Araz çayları arasındakı “Aran vilayəti” adlandırır. Əsərdə göstərilir ki, Bərdə şəhəri eramızdan əvvəl Makedoniyalı İsgəndər tərəfindən salınıb. Sonralar Sasani şahı Qubad ibn Firuz şəhərdə geniş abadlıq, inşaat işləri aparıb. Müxtəlif Xüdafərin körpüləri barədə məlumatları xüsusilə maraqlıdır. O, yazır ki, Araz çayı üzərində Zəngilan yaxınlığındakı (on bir aşırımlı) körpu hicri tarixi ilə 15-ci ildə (636-cı il) Məhəmməd peyğəmbərin yaxın adamlarından Bərk ibn Əbdallah tərəfindən salınmışdır. Buna görə də “Xüdafərin”, yəni “Allah yaratmış” körpu adlanır. On beş aşırımlı körpünü isə Karkar ticarət mərkəzinin yaxınlığında xeyriyyət məqsədilə Diya əl-Mülk Naxçıvani saldırmışdır. IX əsr ərəb səyyahı İbn Xordadbeh “Yollar və ölkələr haqqında kitab” əsərində Bərdə və Beyləqan şəhərlərinin çiy kərpicdən hörülmüş qala divarları ilə əhatə olunduqlarını bildirir.



Oxunub: 27794