Baş səhifə
» QARABAĞ İCMASI
» İcmanın tarixi
İcmanın tarixiBununla yanaşı, 2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. İcmanın fəaliyyətinə hüquqi statusun verilməsi və bir ictimai birlik kimi təşkilatlanması onun daha səmərəli fəaliyyət göstərməsinə imkan yaratdı. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yenidən formalaşması istiqamətində atılan növbəti addım isə 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I Qurultayının keçirilməsi oldu. Qurultaya 65 min nəfərdən çox icma üzvünü təmsil edən 350 nəfər nümayəndə seçilmiş, eləcə də qurultayın işində Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının 200 nəfərdən çox nümayəndəsi qonaq kimi iştirak etmişdir. Qurultayda “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin Nizamnaməsinə əlavə və dəyişikliklər edilmiş və icmanın 22 nəfərdən ibarət idarə heyəti, idarə heyətinin sədri, əlaqələndirmə şurasının sədri və nəzarət-təftiş komissiyası seçilmişdir. 2009-cu il iyunun 12-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsi azərbaycanlı icması” İctimai Birliyinin idarə heyətinin ilk iclası keçirilmiş, idarə heyətinin üzvləri arasında vəzifə bölgüsü aparılmış, onların daxil olduğu elm, təhsil və mədəniyyət, icmadaxili məsələlər, beynəlxalq əlaqələr, informasiya və ictimaiyyətlə əlaqələr, hüquqi təminat və insan hüquqları bölmələrinin fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş, əlaqələndirmə şurasının strukturu təsdiq edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il avqustun 31-də “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin fəaliyyətinin maddi-texniki təminatının yaxşılaşdırılması tədbirləri haqqında Sərəncam imzalamışdır. Sərəncamda 65 min nəfərdən çox insanı birlədirən Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rolunun əhəmiyyətli dərəcədə artdığı vurğulanaraq, icmanın keyfiyyətcə yeni, təşkilati baxımdan möhkəmlənmiş ictimai birliyə çevrilməsi və idarəetmə strukturlarını yaratması bildirilmişdir. Dövlət başçısı tərəfindən Dağlıq Qarabağın azərbaycanlı icmasına göstərilən qayğı və diqqət, icmanın qarşısında duran vəzifələrin həyata keçirilməsi işinə stimul vermiş və bu istiqamətdə İctimai Birlik öz fəaliyyətini genişləndirərək, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə, eləcə də təcavüzkarın ifşası istiqamətində Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirlikləri və beynəlxalq qurumların nümayəndələri ilə müntəzəm olaraq görüşlər keçirir. Belə ki, 2009-cu il iyulun 2-də icmanın idarə heyətinin ATƏT-in həmin dövrdəki fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri xanım Dora Bakoyanniş, oktyabrın 6-da isə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşləri keçirilmişdir. Keçirilən görüşlərdə idarə heyətinin üzvləri bildirmişlər ki, Dağlıq Qarabağın Azərbaycan Respublikası tərkibində statusu azərbaycanlılar doğma yurdlarına qayıdandan, eləcə də hər iki icma üzvlərinə barəbər şərait yaradıldıqdan sonra müəyyənləşdirilə bilər. Dağlıq Qarabağdan olan məcburi köçkünlərin öz yurdlarına qayıtmasının münaqişənin ədalətli həlli üçün başlıca şərt olduğu vurğulanmaqla yanaşı, bu bölgənin bütün dövrlərdə Azərbaycan mədəniyyətinin mərkəzi olduğu bildirilmiş və qeyd edilmişdir ki, Ermənistanın hrəbi təcavüzü nəticəsində həmin ərazilərdəki xalqımızın çoxəsrlik tarixi və mədəniyyət abidələrinin hamısı dağıdılmış və ya məhv edilmişdir. 2009-cu il oktyabrın 12-də İctimai Birliyin idarə heyətinin iclasında Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması və diplomatik əlaqələrin yaradılmasına dair protokolların imzalanması ilə bağlı qardaş ölkənin ictimaiyyətinə edilən müraciətində Azərbaycan ərazilərinin işğalını davam etdiyi hazırki şəraitdə Türkiyənin Ermənistanla sərhədini açmasının yolverilməz olduğunu vurğulamaqla yanaşı, qeyd edilirdi ki, bu hadisə təcavüzkarı işğalçılıq siyasətini davam etdirməyə ruhlandıraraq, münaqişənin ədalətli həlli prosesinə böyük zərbə vuracaq, azərbaycanlıların Dağlıq Qarabağa və ətraf rayonlara qayıtmasına əngəl törədəcək. 2009-cu il dekabrın 16-da “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi adından ABŞ Prezidenti Barak Obamaya göndərilmiş məktubda vurğulanırdı ki, Azərbaycan və Ermənistan prezidentləri arasında sülh danışıqlarının getdiyi bir mərhələdə ABŞ Konqresinin Dağlıq Qarabağdakı qondarma bir rejimə 8 milyon dollar məbləğində vəsait ayırması Dağlıq Qarabağın azərbaycanlı icmasını silah gücü ilə öz doğma torpaqlarından çıxararaq etnik təmizləmə siyasəti həyata keçirən separatçı rejimin və Ermənistanın dəstəklənməsi deməkdir. 2009-cu il dekabrın 1-də Berlin şəhərindəki Brandenburq Elmlər Akademiyasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi və Almaniya-Azərbaycan Forumu “Dağlıq Qarabağ–Azərbaycanın mədəniyyət beşiyi” mövzusunda elmi simpozium keçirilmişdir. Icmanın xaricdə keçirilən ilk beynəlxalq tədbirində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun inkişafına ciddi əngəl olduğu, davamlı sülhə və sabitliyə təhlükə yaratdığı bildirilməklə yanaşı, Dağlıq Qarabağın mədəni-tarixi irsindən, eyni zamanda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən bəhs edən fotosərgi və Qarabağ xalçaları nümayiş etdirilərək bu bölgənin əzəli Azərbaycan torpağı və ayrılmaz bir hissəsi olduğu faktlarla diqqətə çatdırılmışdır.
|