Baş səhifə
» MÜNAQİŞƏ AB-də
» Dağlıq Qarabağ münaqişəsi Avropa Birliyində
Dağlıq Qarabağ münaqişəsi Avropa BirliyindəAvropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlığın tarixi 1993-cü ildən başlanır. Məhz həmin ilin fevral ayında bu beynəlxalq təşkilatla ölkəmiz arasında əlaqələr qurulub. 1993-cü ilin aprel ayının 7-də AB Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatla çıxış etmişdir. Həmin bəyanatda təşkilata üzv ölkələr münaqişənin dərinləşməsindən narahatlıq keçirdiklərini, Kəlbəcər və Füzuli rayonlarında əməliyyatların genişlənməsindən təəssüfləndiklərini ifadə etmişdilər. Lakin bu bəyanatda Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi faktına dair heç bir konkret münasibət ifadə olunmur və münaqişənin əsl səbəbləri barədə fikir bildirilmirdi. AB məsələyə daha çox neytral mövqedən yanaşmağa və təcavüzkarın kim olduğunu etiraf etməməyə çalışırdı. Həmin ilin sentyabr ayında Ermənistanın işğalçı qüvvələrinin cəbhə bölgəsində yeni əməliyyatlar keçirilməsi qurumu daha bir bəyanatla çıxış etməyə məcbur etdi. Bu sənəddə ermənilərin Azərbaycana qarşı hərbi hücumları pislənilir və qaçqınların sayının həddən artıq çoxalmasından narahatlıq ifadə olunurdu. AB ATƏM-in Minsk qrupunun bölgədə sülhün əldə edilməsi istiqamətində səylərini də dəstəkləyir və tərəfləri bu prosesin həyata keçməsi üçün əlverişli şərait yaratmağa çağırırdı. Təşkilat BMT qətnamələrinə hörmət göstərilməsini hər iki tərəfdən tələb, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarından qoşunların çıxarılmasının zəruriliyini qeyd edirdi. Bundan başqa, bəyanatda Ermənistandan Azərbaycan ərazilərinə hücum edən yerli erməni qüvvələrinə yardım göstərməmək də tələb olunurdu. Lakin bu sənəddə qüsurlu məqamlar çox idi. Çünki Azərbaycanda hərbi əməliyyatları yerli ermənilər deyil, Ermənistan ordusu həyata keçirirdi. "Birlik və onun üzvü olan dövlətlər atəşin müvəqqəti dayandırılmasını (1993-cü il avqustun 31-də Dağlıq Qarabağın hakimiyyət orqanları ilə Azərbaycan hökuməti arasında bu barədə qərar qəbul edilmişdir) möhkəmlətmək üçün ATƏM çərçivəsində Minsk qrupunun göstərdiyi səylərə tamamilə tərəfdar çıxırlar. Onlar hər iki tərəfi ikitərəfli dialoqun əlavə olaraq hər hansı formasına başlamağa çağırırlar. Elə bir dialoqa ki, iyun ayının axırlarında bütün tərəflərin prinsipial sazişə nail olduqları cədvəlin yerinə yetirilməsinin mümkünlüyünü gücləndirir. Birlik və onun üzvü olan dövlətlər, həmçinin istədilər ki, Dağlıq Qarabağda yerli erməni qüvvələri BMT TŞ-nin 822 və 853 saylı qətnamələrinə hörmət göstərsin. Onlar Kəlbəcər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarından qoşunların çıxarılmasını tələb edirlər. Birlik və onun üzvü olan dövlətlər Azərbaycanın həmin bölgələrdən hücumlar hazırlamağa qadir olduğuna dair dəlillərə malik deyildirlər", - deyə sənəddə vurğulanır. Göründüyü kimi, sənəddə münaqişənin mahiyyəti barədə heç bir dəqiq məlumat yoxdur. Bununla yanaşı, AB təcavüzkarın kim olduğunu da göstərməmişdi. 1993-cü ilin 9 noyabrında AB Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair növbəti bəyanatını qəbul etdi və bu sənəd də əvvəlkilərdən fərqlənmədi. Təşkilat toqquşmaların güclənməsindən narahatlıq keçirdiyini və qaçqınların sayının artmasının bölgədə gərginliyin çoxalmasına gətirib çıxaracağını vurğulayırdı. Ümumiyyətlə, Avropa Birliyi münaqişə ilə o qədər də dərindən maraqlanmamış və bu prosesə dair qəti mövqeyini bildirməyə ciddi meyl göstərməmişdir. Çünki münaqişələrin həlli məsələsi AB-nin fəaliyyət strategiyasına daxil deyildir. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, ilk vaxtlarda təşkilat, ümumiyyətlə, Cənubi Qafqaza və buradakı proseslərə çox az maraq göstərirdi. AB sırf iqtisadi birlik kimi nəzərdə tutulduğundan siyasi məsələlər, o cümlədən münaqişələrlə bağlı həmişə ehtiyatlı mövqe nümayiş etdirməyə çalışır. Bununla belə, AB-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini ifadə edən ən əsas hadisələrdən biri 2003-cü ildə baş verdi. Təşkilat münaqişənin həlli üçün kommunikasiya xətlərinin açılması müqabilində Azərbaycanın işğal olunmuş rayonlarından 5-nin geri qaytarılmasını təklif etdi. Bu təklif uzun müddət müzakirə obyekti oldu və bu gün də öz aktuallığını saxlamaqdadır. AB-nin həm regionla əlaqələri inkişaf etdirmək, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirak etmək niyyəti kifayət qədər ciddi məsələyə çevrilib. Bu, süni prosesinin daha geniş müstəviyə çıxarıldığını və problemin beynəlxalq birliyi narahat etdiyini ortaya qoyur. Bütün bunlar bir daha göstərir ki, ayrı-ayrı dövrlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə dair beynəlxalq təşkilatlar müxtəlif sənədlər, qətnamələr, bəyanatlar qəbul etsə də, hələ də işğalçı dövlət öz mövqelərindən geri çəkilmir. Bu, beynəlxalq birliyin təcavüzkarı layiq olduğu formada cəzalandırmaq istəməməsinin nəticəsi kimi qiymətləndirilə bilər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün yalnız bir yol var ki, bu da beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsiplərinə bu ölkənin də riayət etməsinə nail olmaqdır.
|