Baş səhifə   » MÜNAQİŞƏ BMT-də    » Dağlıq Qarabağ münaqişəsi BMT-də   

Dağlıq Qarabağ münaqişəsi BMT-də

  



Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra uzun müddət bu problem beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmədi. Bunun birinci səbəbi ondan ibarət idi ki, münaqişənin start götürdüyü ilkin mərhələdə dünya birliyi onun aradan qaldırılmasında maraqlı deyildi. Çünki bu problem SSRİ-nin dağılması prosesini sürətləndirən çoxsaylı amillərdən biri kimi çıxış edirdi və onun aradan qaldırılması Sovet İttifaqının daxilində gedən dağıdıcı proseslərə mane ola bilərdi.
Ermənilər hələ münaqişə başlamamışdan əvvəl beynəlxalq ictimaiyyətin dəstəyini almaq üçün ciddi kampaniya aparmışdılar. Burada erməni lobbisinin imkanlarından da geniş istifadə edilirdi. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, bu gün faktiki olaraq dünyada gedən ictimai-siyasi və iqtisadi proseslərə bilavasitə nəzarət etmək imkanına malik olan ABŞ Konqresi ilə erməni lobbisi arasında çox isti münasibətlər mövcuddur. Eyni sözləri Fransa senatı haqqında da söyləmək mümkündür.

1992-ci ildə erməni silahlı birləşmələri Azərbaycanın ərazilərinin işğalına istiqamətlənmiş hərbi əməliyyatların miqyasını kifayət qədər genişləndirmişdilər. Lakin heç bir beynəlxalq təşkilat beynəlxalq hüquq normalarını kobud şəkildə tapdayan bu işğalçılıq əməllərinə obyektiv qiymət vermədi. Doğrudur, müxtəlif dövrlərdə BMT-nin, ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələri, bəyanatları meydana çıxdı, bununla belə, həmin sənədlər münaqişənin həqiqi səbəblərini dəqiq şəkildə qiymətləndirmir, təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında heç bir fərq qoymurdu.
1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan Respublikası bu barədə bütün beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə və dünya dövlətlərinə müraciət etdi. Həmin müraciətdə demokratiya, azadlıq və bərabərlik prinsiplərinin respublikanın əsas strateji yolu olduğu göstərilir və ölkənin BMT-yə qəbul olunmaq arzusu ifadə edilirdi. 1992-ci ilin martında Azərbaycan BMT-yə üzv qəbul edildi. Elə həmin ilin martında Nyu-Yorkda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi açıldı. Bundan sonra Azərbaycan BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağı xahiş etdi. BMT-nin nümayəndə heyəti bu müraciətə əsaslanaraq regiona səfər etdi və bu barədə BMT Baş katibinə müvafiq məlumatlar verdi. BMT-nin Baş katibi isə münaqişənin həllində ATƏM-in (1995-ci ilin yanvarından ATƏT) səylərini dəstəklədiyini və bu təşkilata müvafiq nəticələr əldə etmək üçün kömək göstərməyə hazır olduğunu bildirdi. Bu, artıq beynəlxalq ictimaiyyətin məsələyə soyuq münasibətinin ilk simptomları idi. 

1992-ci ildə Şuşanın işğalı Azərbaycanı yenidən BMT-yə müraciət etmək məcburiyyətində qoydu. May ayının 12-də BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ problemini müzakirə edərək bəyanat verməklə kifayətləndi. Bəyanat Təhlükəsizlik Şurası sədrinin adından yayıldı. Bəyanatda Dağlıq Qarabağda vəziyyətin pisləşməsindən narahatlıq ifadə olunur və məcburi köçkünlərə təcili yardım göstərilməsinin zəruriliyi bildirilirdi. Sənəddə maraqlı tərəflər zorakılığa son qoymağa çağırılır və BMT Nizamnaməsinin müddəalarına əməl etməyə dəvət olunurdu. BMT Təhlükəsizlik Şurasının yeganə müsbət addımı ondan ibarət oldu ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin Təhlükəsizlik Şurası sədrinə məktubu TŞ-nin rəsmi sənədi kimi yayıldı. Bu məktubda Ermənistanın keçirdiyi hərbi əməliyyatlar suveren dövlətin ərazi bütövlüyünü pozmaq cəhdi kimi qiymətləndirilirdi.
Təbii ki, Ermənistan da alternativ addımlar atmağa çalışırdı. Elə bunun nəticəsi idi ki, 1992-ci ilin avqustunda Ermənistanın müraciətinə əsasən BMT Təhlükəsizlik Şurasının yeni iclası çağırıldı və TŞ sədrinin yeni bəyanatı yayıldı. Bu sənəddə də tərəflər atəşi dayandırmağa çağırılır və vəziyyətin gərginləşməsindən BMT-nin narahatlıq keçirdiyi ifadə olunurdu.

1992-ci ilin oktyabrında isə BMT Təhlükəsizlik Şurası sədrinin daha bir bəyanatı qəbul edildi. Lakin bu sənəd də məzmununa və siyasi mahiyyətinə görə əvvəlkilərdən heç nə ilə fərqlənmirdi. Burada da vəziyyətin gərginləşməsindən, eləcə də çoxsaylı insan tələfatından narahatlıq ifadə olunur və ATƏM-in münaqişənin həllinə dair fəaliyyətinin dəstəkləndiyi bildirilirdi. Təhlükəsizlik Şurası problemin nizamlanması üçün danışıqlar prosesinin təcili başlanmasının zəruriliyini qeyd edərək tərəfləri bu istiqamətdə konkret addımlar atmağa dəvət edirdi.
1993-cü ildə Azərbaycanın daha bir rayonu - Kəlbəcər ermənilər tərəfindən işğal edildi. Azərbaycan bu barədə BMT-yə müraciət edərək təcavüzkarın əməllərinə qiymət verilməsini xahiş etdi. Aprelin 6-da   BMT Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul olundu. Bəyanatda Ermənistanla Azərbaycan arasında gərginliyin artmasından və "yerli erməni qüvvələrinin" Kəlbəcər rayonuna müdaxiləsindən narahatlıq ifadə olunurdu. Bəyanatda bütün dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi bir daha təsdiqlənir və yenə də ATƏM çərçivəsində sülh prosesində irəliləyişə nail olmaq üçün tərəflərə müvafiq addımlar atmağa çağırış öz əksini tapırdı. Lakin bu bəyanat da problemə düzgün qiymət vermirdi. Məsələ burasındadır ki, Ermənistanın işğalçılıq siyasətinə münasibət sənəddə əksini tapmamış və Kəlbəcərin işğalının guya "yerli ermənilər" tərəfindən həyata keçirildiyi vurğulanmışdı. Qeyd edək ki, bu bəyanat əsasən Ermənistanın təqdim etdiyi məlumatlara əsaslanırdı. Ermənistan Kəlbəcərin işğalında iştirak etdiyinə dair Azərbaycanın ortaya qoyduğu faktları təkzib edərək rayonun qəsb edilməsində "yerli ermənilərin" günahkar olduğunu sübut etməyə çalışırdı. Elə həmin il aprel ayının 30-da BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk qətnaməsi qəbul edildi. "BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi" adlanan bu sənəd Təhlükəsizlik Şurası sədrinin 1993-cü il yanvarın 29-da və aprelin 6-da verdiyi bəyanatlara istinadən hazırlanmışdı. Qətnamədə bölgədə sabitliyin və əmin-amanlığın təhlükə altında olduğu qeyd edilir, məcburi köçkünlərin sayının artmasından narahatlıq ifadə olunur və Kəlbəcər rayonunda yaranmış fövqəladə vəziyyətin doğurduğu problemlərin aradan qaldırılmasının zəruriliyi bildirilirdi. BMT TŞ atəşin həmişəlik dayandırılması üçün işğalçılıq əməllərinə və hərbi əməliyyatlara son qoyulmasına çağırır, təcavüzkar qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğala məruz qalmış digər ərazilərindən çıxarılmasını tələb edirdi: “1. Atəşin biryolluq dayandırılması məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, eləcə də bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın son vaxtlar işğal edilmiş başqa rayonlarından dərhal çıxarılmasını tələb edir; 2. Bu işdə maraqlı olan tərəfləri münaqişəni ATƏM-in Minsk qrupunun sülh prosesi çərçivəsində həll etmək məqsədilə dərhal danışığı bərpa etməyə və problemin dinc yolla həllini çətinləşdirə biləcək hər cür fəaliyyətdən imtina etməyə israrla dəvət edir", - deyə qətnamədə bildirilirdi. Lakin bu qətnamə də əslində, regionda sülhün əldə olunmasına stimul vermək gücündə deyildi. Sənəddə Azərbaycan torpaqlarının işğal olunması faktı təsdiqlənsə də, bunun kim tərəfindən həyata keçirildiyi dəqiq göstərilmir və hərbi əməliyyatların guya "yerli ermənilər" tərəfindən reallaşdırıldığı vurğulanırdı. Bu isə, əlbəttə ki, təcavüzkar tərəfi müəyyənləşdirməyə və münaqişənin konkret həlli yollarını aydınlaşdırmağa imkan vermirdi.

1993-cü ilin iyul ayının 23-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Ağdam rayonunu işğal etdi. Qeyd edək ki, bu artıq Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməyə heç bir əhəmiyyət vermədiyini təsdiqləyirdi. İyulun sonlarında BMT Təhlükəsizlik Şurasının iclası keçirildi və burada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 853 saylı qətnamə qəbul olundu. Bu qətnamədə də işğalçı qüvvələrin Azərbaycanın Ağdam da daxil olmaqla, bütün digər işğal olunmuş ərazilərindən çıxarılması tələbi qoyulmuşdu. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi bütövlükdə bəzi əlamətlərinə görə 822 saylı qətnamədən daha obyektiv görünsə də, burada da məsələ öz dəqiq qiymətini almamışdır. Çünki Təhlükəsizlik Şurası təcavüzkarın adını çəkmir, yalnız "yerli ermənilər" ifadəsi ilə kifayətlənməyə üstünlük verirdi. Halbuki artıq təcavüzkarın kim olduğu hamıya məlum idi və indi bunu yalnız rəsmi şəkildə təsdiqləmək qalırdı. BMT Təhlükəsizlik Şurası isə belə bir addım atmadı.
1993-cü ilin avqustunda Ermənistan Azərbaycanın Füzuli rayonunu işğal etmək məqsədilə hərbi əməliyyatları gücləndirdikdən sonra BMT Təhlükəsizlik Şurası sədrinin yeni bəyanatı yayıldı. Həmin bəyanatda Azərbaycan ərazilərinin işğalı faktı təsdiqlənir, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu vurğulanır və bölgədə hökm sürən vəziyyətdən narahatlıq ifadə edilirdi. Sənəddə deyilirdi ki, BMT Təhlükəsizlik Şurası məsələnin ATƏM çərçivəsində həllinə tərəfdardır və eyni zamanda tərəflərin özlərinin münaqişənin aradan qaldırılması üçün müvafiq addımlar atmasının zəruriliyinə əmindir. 
Bəyanatda BMT TŞ-nin 822 və 853 saylı qətnamələrinin yerinə yetirilməsinə dair "təxirəsalınmaz tədbirlər cədvəli"nin dəqiqləşdirilmiş variantının münaqişə tərəflərinin qəbul etməsinin vacibliyi də öz əksini tapmışdı. Lakin bu bəyanat da əvvəlki sənədlərdən bir o qədər fərqlənmirdi. Çünki burada Ermənistanın işğalçı tərəf olması faktı etiraf edilmir, münaqişə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə Azərbaycan arasında olan problem kimi səciyyələndirilirdi.
Bu qeyri-müəyyən münasibət isə Ermənistanın işğalçılıq əməliyyatlarını genişləndirməsinə əlverişli şərait yaradırdı. Ermənilər beynəlxalq birliyin hadisələrə obyektiv reaksiya verməməsindən istifadə edərək yeni
təcavüz aktları həyata keçirir, Azərbaycan torpaqlarını zəbt edirdilər. Beləliklə də Füzuli və Cəbrayıl rayonları da işğal olundu. 1993-cü ilin avqustunda atəşkəs haqqında razılıq əldə olunsa da, ermənilər buna əməl etməyərək Qubadlı rayonunu da ələ keçirdilər. Azərbaycan növbəti dəfə BMT Təhlükəsizlik Şurasına müraciət etməli oldu. Bu müraciətdə Minsk qrupu tərəfindən hazırlanmış "Təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəli" ilə Azərbaycanın razı olmadığı öz əksini tapmışdı. 1993-cü il oktyabrın 14-də BMT Təhlükəsizlik Şurası yenidən Dağlıq Qarabağ problemini müzakirəyə çıxararaq 874 saylı qətnamə qəbul etdi. Bu qətnamədə Minsk qrupu tərəfindən hazırlanmış "Təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəli" təqdir olunur və bu plan əsasında münaqişənin nizamlanmasının mümkünlüyü bildirilirdi.
Mahiyyət etibarilə bu qətnamə də əvvəlkilərdən fərqlənmirdi. Burada da Ermənistanla Azərbaycan arasında yaranmış gərginlikdən, cəbhə bölgəsində hərbi əməliyyatların yenidən güclənməsindən, çoxsaylı insan tələfatından və Azərbaycan ərazilərinin işğal edilməsi faktlarından narahatlıq ifadə olunur, münaqişənin aradan qaldırılması istiqamətində ATƏM-in səyləri dəstəklənir, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsdiqlənirdi. Amma bütün bunlarla yanaşı yenə də təcavüzkarla təcavüzə məruz qalan tərəflər adları ilə qeyd olunmur, münaqişənin yalnız Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməniləri ilə Azərbaycan arasında olan problem kimi səciyyələndiyi vurğulanırdı. Digər tərəfdən, maraqlı idi ki, 874 saylı qətnamədə Azərbaycanın son vaxtlar işğal olunmuş rayonları haqqında heç nə deyilmirdi. Halbuki əvvəlki qətnamələrə işğal olunmuş ərazilərin konkret adları da salınmışdı.
1993-cü ilin oktyabrında isə Ermənistanın beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə etinasızlığı özünü daha açıq şəkildə göstərdi. ATƏM sədrinin bölgədə səfərdə olduğu bir vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycanın Zəngilan rayonunu işğal etdi. Bu, artıq beynəlxalq birliyin münaqişəyə obyektiv qiymət verməsinin zəminliyini ifadə edən növbəti hadisə idi.

1993-cü il noyabrın 11-də BMT Təhlükəsizlik Şurası Azərbaycanın müraciətinə müvafiq olaraq münaqişənin davam etməsi ilə bağlı vəziyyəti yenidən müzakirəyə çıxararaq 884 saylı qətnamə qəbul etdi. Həmin qətnamə Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi faktından narahatlıq ifadə edir və sənəddə işğalçı qüvvələrin bu ərazilərdən çıxarılması tələb olunurdu. Bu qətnamə, təbii ki, yerinə yetirilmədi. Qeyd edək ki, sözügedən sənəd BMT TŞ-nin əvvəlki qətnamələrindən prinsip etibarilə heç nə ilə fərqlənmirdi. Bu qətnamələrin heç biri BMT-nin müvafiq nizamnaməsinin tələblərini özündə tam şəkildə əks etdirə bilməmişdir. Məsələ burasındadır ki, BMT-nin qəbul etdiyi sənədlərdə beynəlxalq hüququn çox vacib prinsipləri nədənsə unudulur və təcavüzkarın cəzalandırılması üçün heç bir konkret mexanizm müəyyənləşdirilmirdi. Halbuki münaqişələrin həlli sahəsində müəyyən təcrübəsi olan bu təşkilat Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə son qoymaq və regionda həqiqi, davamlı sülhə nail olmaq üçün kifayət qədər geniş imkanlara malikdir. 



Oxunub: 15026