Baş səhifə   » FƏSADLAR    » Mədəniyyətə vurulan ziyan   

Mədəniyyətə vurulan ziyan

  



1990-cı illərin əvvəllərində Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürüb, beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün dövlətlər tərəfindən ölkəmizin rəsmən tanınmış ərazisinin 20 faizini hərbi təcavüz yolu ilə işğal etmiş Ermənistan hərbi birləşmələri milli mədəniyyət abidələrini qəddarcasına uçurub dağıtmışlar.
Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir. Şuşa tarixi memarlıq qoruğunun ərazisində işğalçı vandallar Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli, cümə məscidlərini, dahi bəstəkar Üzeyir Hacıbəyovun, professional vokal sənətinin banisi Bülbülün ev muzeylərini, Xurşud Banu Natəvanın saray kompleksini, Firudin bəy Köçərlinin, Zöhrabbəyovların malikanələrini, şair, rəssam, alim Mir Mövsüm Nəvvabın evini, ümumiyyətlə qoruq şəhərin şərq memarlığı xüsusiyyətlərini əks etdirən milli üslubda inşa edilmiş əksər yaşayış evlərini, buradakı qədim qəbiristanlığı, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri M. P. Vaqifin türbəsini, Ağdamda Pənah xanın imarətini, cümə məscidini, Laçın rayonunda Həmzə Sultan və Soltan Əhməd saraylarını, məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşayış binalarını dağıtmış, daşınması mümkün olan maddi mədəniyyət abidələrini Ermənistana aparmışlar.

İşğal zonalarında maddi mədəniyyət yadigarlarının dağıdılması prosesi indi də davam edir. İşğalçılar geniş miqyaslı, qeyri peşəkar arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri qalmışdır. Bunlarla yanaşı, işğal olunmuş ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103.2 min ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal altında qalmışdır.
Dəyərini müəyyən etmək mümkün olmayan daşınmaz tarix və mədəniyyət abidələrindən başqa respublikaya dəymiş ümumi zərərin məbləği 23 trilyon 680 milyon manat və ya 6 milyard 71 milyon ABŞ dolları təşkil edir. 
Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək muzeyi şəhərin bombardmanı zamanı yerlə yeksan edilmiş, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir əşyası Ermənistana daşınmışdır.
Şuşanın zəbt edilməsi nəticəsində mənəviyyatımıza olduqca ağır zərbə endirilmişdir. Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılmış, viran edilmişdir. Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin, Ağdam tarix-diyarşünaslıq muzeyinin (2 mindən çox əşya), Qubadlı tarix-diyarşünaslıq muzeyinin (3 mindən çox əşya), Zəngilan tarix - diyarşünaslıq muzeyinin (6 minədək əşya) fondları qarət edilmişdir. Görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri də dağıdılmışdır.
Erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli materiallar olmuşdur. Şuşa, Laçın və Qubadlı rəsm qalereyalarının Azərbaycanın görkəmli rəssam və heykəltəraşlarının əsərlərindən ibarət fondları da dağıdılmışdır. 
Erməni təcavüzkarları vəhşilik göstərərək Azərbaycan musiqisinin böyük xadimləri Üzeyir Hacıbəyovun və Bülbülün, habelə şairə Xurşud Banu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə aparmışlar.
Bu abidələr bütün əxlaq normalarının ziddinə olaraq vəhşicəsinə güllələnmiş və ağır texnika vasitəsilə zədələnmişdir. Həmin abidələr çox çətinliklə əldə edilərək Bakıya gətirilmiş və hazırda İncəsənət Muzeyində nümayiş etdirilir.
Azərbaycan xalqının məhv edilmiş qədim, əvəzolunmaz qiymətli mədəni sərvətləri olan bu abidələrin qiymətini təyin etmək praktiki olaraq mümkün deyildir. Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan Azərbaycan Respublikasının ərazisində xalqın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir.
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı tarix və mədəniyyət abidələrinin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.



Oxunub: 32418