Baş səhifə   » QARABAĞ MÜNAQİŞƏSİ    » Münaqişənin hüquqi tərəfləri   

Münaqişənin hüquqi tərəfləri

  


Böyük Britaniya qoşunlarının 1918-ci ildə Bakıya daxil olmasından sonra, Müttəfiq Dövlətləri təmsil edən general V. Tomson qonşu Zəngəzur qəzası ilə birlikdə Dağlıq Qarabağın Azərbaycanın idarəsi altında olmasını tanıdı. O, Azərbaycan hökuməti tərəfindən Xosrov Sultanovun bu iki regionun da daxil olduğu Qarabağ general qubernatorluğuna qubernator təyin edilməsini də təsdiqlədi. 1919-cu ildə Dağlıq Qarabağın erməni assambleyası rəsmi olaraq Azərbaycan hakimiyyətini tanıdı. 1918-1920-ci illərdə Azərbaycan Respublikasının bir sıra ölkələrlə diplomatik münasibətləri var idi. Onlardan bəziləri ilə qarşılıqlı münasibətlərin prinsiplərinə dair müqavilələr imzalanmış, on altı dövlət isə Bakıda öz nümayəndəliyini açmışdı. 12 yanvar 1920-ci il tarixində Paris Sülh Konfransında Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın müstəqilliyini de-fakto tanıdı.

1 noyabr 1920-ci il tarixində Azərbaycan nümayəndə heyətinin başçısı Millətlər Cəmiyyətinin Baş katibinə məktubla müraciət edərək, Azərbaycan Respublikasının Təşkilata üzv qəbul edilməsi ilə bağlı ərizəsinin Cəmiyyətin Assambleyasına təqdim edilməsini xahiş etmişdir. 
Baş katib 24 noyabr 1920-ci il tarixli Memorandumunda Paris Sülh Konfransındakı Azərbaycan nümayəndə heyətinə mandatın Bakıda 1920-ci ilin aprel ayına kimi hakimiyyətdə olmuş hökumət tərəfindən verildiyini qeyd etmişdir. Bununla belə, Memorandumda Azərbaycan nümayəndə heyətinin müraciət etdiyi (1 noyabr 1920-ci il) və Memorandumun dərc olunduğu tarixdə (24 noyabr 1920-ci il) Azərbaycan nümayəndə heyətinə mandat vermiş Azərbaycan Respublikası hökumətinin artıq 1920-ci ilin aprel ayından de-fakto hakimiyyətdə olmamasına xüsusi diqqət yetirilir. Daha sonra memorandumda bu hökumətin ölkənin bütün ərazisinə nəzarət etmədiyi göstərilirdi. Bu kontekstdə, qeyd olunan Millətlər Cəmiyyəti Baş katibinin Memorandumunun ən mühüm hissəsi "Hüquqi mülahizələr" fəslidir. Həmin fəsildə dövlətlərin tamamilə özünüidarəedən olması tələbi də daxil olmaqla, Təşkilata yeni üzvlərin qəbul edilməsi ilə bağlı Millətlər Cəmiyyəti Nizamnaməsinin 1-ci maddəsində təsbit edilmiş şərtlər xatırladılır.
Millətlər Cəmiyyətinin müvafiq sənədləri erməni tərəfinin Millətlər Cəmiyyətinin Azərbaycanı üzvlüyə qəbul etməməsini onun Azərbaycanın Dağlıq Qarabağ üzərində hakimiyyətini tanımaması və guya ermənilərlə məskunlaşmış ərazilərə iddia etməsilə əlaqələndirməsi fikrini tamamilə təkzib edir. Aydındır ki, ərazisinin mühüm bir hissəsi ərizəsi Millətlər Cəmiyyətində baxıldığı bir dövrdə işğal altında olan, ərizəni təqdim edən hökuməti isə devrilmiş olan bir dövlət Millətlər Cəmiyyəti Nizamnaməsinin 1-ci maddəsinin tələblərinə əsasən, tam özünüidarəetmə qabiliyyətinə malik subyekt kimi nəzərdən keçirilə bilməzdi. Məhz bu şərtlər Azərbaycanın Millətlər Cəmiyyətinə üzv qəbul edilməsinə mane oldu. Eyni zamanda Millətlər Cəmiyyəti aydın və tanınmış sərhədlərə, status və konstitusiyaya, sabit hökumətə sahib olmadığı üçün Ermənistanın özünü dövlət kimi tanımırdı. Nəticədə, 16 dekabr 1920-ci il tarixində Ermənistanın Millətlər Cəmiyyətinə üzvlüyə qəbul edilməsi rədd edilmişdi. 

Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində
Müttəfiq Dövlətlərin Dağlıq Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıması ilə bağlı yuxarıda qeyd olunmuş faktlarla yanaşı, Sovet İttifaqı tərkibinə qatılarkən Qarabağın müstəqil Azərbaycanın yurisdiksiyası altında olmaması ilə bağlı tezis həmçinin Ermənistanın ərazi iddiaları ilə əlaqədar olaraq bu məsələyə bir neçə dəfə baxmış RK (b) P MK Qafqaz Bürosunun qərarları ilə də təkzib edilmiş və özünün 5 iyul 1921-ci il tarixində keçirilmiş iclasında Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması barədə qərar vermişdir. Eyni zamanda Azərbaycan SSR-ə Dağlıq Qarabağa geniş muxtariyyət vermək təklif olunmuşdur.
13 oktyabr 1921-ci il tarixində Qarsda RSFSR-in iştirakı ilə bir tərəfdən Ermənistan SSR, Azərbaycan SSR və Gürcüstan SSR, digər tərəfdən isə Türkiyə arasında Dostluq haqqında müqavilə imzalandı. Müqavilənin 5-ci maddəsi ilə Türkiyə, Ermənistan və Azərbaycan hökumətləri "...Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi kimi yaradılması"na razı olduqlarını bildirdilər. 
13 dekabr 1922-ci il tarixində Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (ZSFSR) yaradılmışdır. Onun Konstitusiyası Naxçıvan Respublikasının bir muxtar qurum kimi Azərbaycanın ayrılmaz tərkib hissəsi olması faktını bir daha təsdiqlədi. Bu konstitusiyaya görə, muxtar respublika və vilayətlərin (Abxaziya, Acarıstan və Cənubi Osetiya) vəziyyəti dəyişməz olaraq qalırdı. Nə Qars Müqaviləsində, nə də ZSFSR Konstitusiyasında Qarabağın dağlıq hissəsi barədə hər hansı bir qeydə rast gəlinmirdi, çünki bu bölgə rəsmi olaraq Azərbaycanın ayrılmaz hissəsi kimi tanınırdı. SSRİ-nin ilk konstitusiyasının qəbul edildiyi gündən bir gün sonra, yəni 7 iyul 1923-cü il tarixində Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" fərman dərc etdirdi.
Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət kimi statusu 1936-cı və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit edilmişdir. DQMV-nin hüquqi vəziyyəti SSRİ və Azərbaycan SSR Konstitusiyalarına müvafiq olaraq, 16 iyun 1981-ci il tarixində Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul olunmuş "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Qanunla müəyyən edilirdi.

SSRİ Konstitusiyasının 78-ci maddəsinə əsasən, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi. Müttəfiq respublikalar arasındakı sərhədlər yalnız müvafiq respublikaların qarşılıqlı razılığı əsasında və SSR İttifaqının təsdiqindən sonra dəyişdirilə bilərdi. Bu müddəa Azərbaycan və Ermənistan Konstitusiyalarında da təsbit edilmişdi. 
Keçən əsrin 80-ci illərinin sonlarında DQMV-nin Azərbaycan SSR-dən ayrılması və vilayətin Ermənistan SSR-ə birləşdirilməsi istiqamətində qanuna zidd qərarların qəbulu ilə əlaqədar olaraq, SSRİ Ali Soveti və onun Rəyasət Heyəti Dağlıq Qarabağ böhranı nəticəsində yaranmış vəziyyəti bir neçə dəfə müzakirə etmişdir. Keçmiş SSRİ(Sovet Sosialist Respublikalar Ittifaqı) dövlət hakimiyyətinin ali orqanı tərəfindən qəbul olunmuş qərarlarda birmənalı olaraq sərhədlərin və Azərbaycan və Ermənistan SSR-in Konstitusiyaları ilə təsbit olunmuş milli-ərazi bölgüsünün dəyişdirilməsinin qeyri-mümkün olduğu etiraf olunurdu.
Beləliklə, Dağlıq Qarabağın Azərbaycan SSR-dən Ermənistan SSR-in xeyrinə rəsmi olaraq 20 fevral 1988-ci il tarixindən başlamış ayrılması prosesi SSRİ Konstitusiyasının açıq-aşkar pozulması ilə müşayiət olunmuş və bununla da heç bir hüquqi nəticəsi olmamışdır. Dağlıq Qarabağın ayrılmasına qanuni don geydirmək məqsədilə erməni tərəfinin 2 sentyabr 1991-ci ildə etdiyi növbəti cəhd dolayısıyla bu yanaşmanın doğruluğunu təsdiq edir. Əvvəlki bütün qərarlardan fərqli olaraq, həmin gün "Dağlıq Qarabağ Respublikası"nın elan olunması "Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında" 3 aprel 1990-cı il tarixli SSRİ Qanunu ilə əsaslandırılırdı. Hər şeydən əvvəl qeyd olunmalıdır ki, bu Qanunun məqsədi SSRİ məkanında qarşılıqlı münasibətləri müttəfiq respublikaların SSRİ tərkibindən çıxacağı halda riayət etməli olduğu müəyyən prosedurun qurulması vasitəsilə tənzimləmək idi. Müttəfiq respublikanın SSRİ tərkibindən çıxması həmin respublika əhalisinin öz iradəsini referendum yolu ilə azad ifadə etməsi əsasında həyata keçirilə bilərdi ki, bu referendumun da keçirilməsi barədə qərar müttəfiq respublikanın Ali Soveti tərəfindən qəbul edilirdi. Eyni zamanda bu Qanuna əsasən, tərkibində muxtar respublikalar, muxtar vilayətlər və muxtar mahallar olan müttəfiq respublikada referendum hər muxtariyyət üzrə ayrıca keçirilməli idi. Bu muxtariyyətlərin xalqlarına SSR İttifaqında və ya onun tərkibindən çıxan müttəfiq respublikada qalmaq məsələsini müstəqil həll etmək, habelə öz dövlət-hüquqi statusu məsələsini qaldırmaq hüququ verilirdi. 
Qeyd etmək lazımdır ki, müttəfiq respublika yalnız mürəkkəb və çoxmərhələli proseduru keçdikdən və nəticədə SSRİ xalq deputatları Qurultayı müvafiq qərar qəbul edildikdən sonra SSRİ tərkibindən çıxmış hesab oluna bilərdi. Lakin SSRİ-nin beynəlxalq hüququn subyekti kimi mövcudluğuna xitam verildiyi ana qədər qeyd olunan qanun tətbiq olunmadı və müvafiq olaraq, heç bir hüquqi nəticəsi də olmadı. Belə ki, heç bir müttəfiq respublika, o cümlədən Azərbaycan və Ermənistan, Qanunda nəzərdə tutulmuş İttifaqdan çıxmaq prosedurundan istifadə etmədi.

Azərbaycan Respublikası öz müstəqilliyini tam mənada əldə edənə və beynəlxalq ictimaiyyət tərəfindən tanınana qədər Azərbaycan SSR DQMV-nin 26 noyabr 1991-ci il tarixinədək mövcud olduğu ərazi Azərbaycanın tərkib hissəsi olaraq qalmaqda davam edirdi.
SSRİ-nin dağılmasından sonra uti possidetis juris beynəlxalq-hüquqi doktrinası yenicə müstəqillik əldə etmiş dövlətlərin sərhədlərinin beynəlxalq, regional və milli legitimləşdirilməsinin əsasını təşkil etdi. Uti possidetis juris doktrinasına görə, Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdiyi andan etibarən hüdudlarına DQMV-nin də daxil olduğu keçmiş Azərbaycan SSR-in inzibati sərhədləri beynəlxalq sərhəd hesab olunur və beynəlxalq hüquq tərəfindən qorunur. Qeyd olunan fikir BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi məlum qətnamələrdə də öz əksini tapmışdır. 1918-1920-ci illərdəki dövlət müstəqilliyinin bərpasını bəyan etməklə o dövrdə mövcud olmuş ADR-in hüquqi varisinə çevrilməsiylə Azərbaycanın guya sovet dövründəki sərhədlərə iddia etmək əsaslarından məhrum olması barədə erməni tərəfinin irəli sürdüyü tezisə gəldikdə isə, burada diqqət "Müqavilələrə münasibətdə dövlətlərin hüquqi varisliyi haqqında" Vyana Konvensiyasının 11-ci maddəsinə yönəldilməlidir. Belə ki, bu maddəyə əsasən, "dövlətlərin hüquqi varisliyi: a) müqavilə ilə müəyyən olunmuş sərhədlərə şamil edilmir...". Başqa sözlə, bilavasitə SSRİ-nin onun tərəfindən bağlanmış beynəlxalq müqavilələrlə müəyyən edilmiş sərhədlərinə aid olmasına baxmayaraq, qeyd olunan müddəa özündə, faktiki olaraq, hüquqi varislikdən asılı olmayaraq, mövcud sərhədlərin olduğu kimi saxlanılmasına münasibətdə konseptual beynəlxalq-hüquqi yanaşmanı ehtiva edir. Bu isə o deməkdir ki, suverenliyin dəyişməsi daimi xarakter daşıyan sərhədləri sarsıtmağa qadir deyildir.



Oxunub: 32173