Baş səhifə   » ƏDƏBİYYAT    » Sovet dövrü Qarabağ ədəbiyyatı   

Sovet dövrü Qarabağ ədəbiyyatı

  


Bolşevik Rusiyası qırmızı imperiyanın cənub sərhədlərində, İran və Türkiyə kimi müsəlman ölkələrinin bilavasitə qonşuluğunda müstəqil Azərbaycan dövlətinin tarix səhnəsinə çıxmağına biganə qala bilməzdi. Bu səbəbdən də işğalçı XI Qırmızı Ordunun zərbələrinə davam gətirə bilməyən Azərbaycanın ilk demokratik hökuməti süqut etdi. 
Ölkədə sovet hakimiyyəti quruldu. 30-cu illərin repressiyası öz başlanğıcını sovet hakimiyyətinin qurulduğu ilk aylardan götürmüşdü. Onun ilk ziyalı qurbanı erməni daşnaklarının Gəncə həbsxanasında güllələdikləri Qazax Müəllimlər Seminariyasının direktoru, görkəmli alim və ədəbiyyat tənqidçisi, ilk çoxcildlik Azərbaycan ədəbiyyatı tarixinin müəllifi, böyük maarifpərvər qarabağlı Firidun bəy Köçərli (1863-1920)olmuşdur. 

Ümumiyyətlə repressiya Azərbaycan ədəbiyyatının sovet dövrü tarixinin qan qarışıq qara səhifələrini təşkil edir. O dəhşətli illərdə repressiyaya məruz qalmış sənətkarlar arasında Azərbaycan ədəbiyyatı və incəsənətinin, ədəbiyyatşünaslıq və dilçilik elmlərinin çox görkəmli nümayəndələri olmuşlar.
XX əsrin ilk onilliklərindəki qlobal hadisələr və regiondakı ictimai sarsıntılarla əlaqədar olaraq, xüsusən də ADR-in devrilməsindən sonra, habelə 30-cu illərin repressiyaları zamanı Azərbaycanın yaradıcı ziyalıları dəfələrlə siyasi təqiblərə məruz qalmış, xilas olmaq və ədəbi fəaliyyətlərini davam etdirmək məqsədilə son çıxış yolu kimi mühacirətə üz tutmuşdular. Alman faşizminə qarşı müharibədə əsir alınması ucbatından vətən torpağına qədəm basması yasaq edildiyi üçün davadan sonra xaricdə sığınacaq tapanlar, şahlıq rejiminin təqibindən tərkivətən olanlar, yaxud onların övladları bu gün Azərbaycandan uzaqlarda - Asiya, Afrika, Avropa, Amerika, hətta Avstraliya qitələrində yaşayırlar.
Mühacir ziyalıları həmişə bir cəhət birləşdirmişdir: onlar məskun olduqları ölkələrdə Azərbaycan milli ədəbi, mədəni mentalitetini, azərbaycançılıq ideallarını yorulmaq bilmədən qorumuş, ləyaqətlə təmsil və təbliğ etmiş, sovet imperiyası məngənəsində sıxılan Azərbaycanın problemlərini həmişə hakim dairələrin və ictimaiyyətin diqqət mərkəzində saxlamaq üçün səylə çalışmışlar. Bir qismi öz yaradıcılıq fəaliyyətini bu gün də davam etdirən Azərbaycan mühacirlərinin çox geniş, sanballı ədəbi, elmi-filoloji, publisist irsi mövcuddur. 
Bu müəlliflərin arasında qarabağlı Ceyhun bəy Hacıbəyli də vardır.

Bu dövrdə “İki od arasında" ("Qan içində"), "Qızlar bulağı" kimi romanların müəllifi qarabağlı Y.V.Çəmənzəminlinin xüsusi xidməti qeyd olunmalıdır.
Sovet dövrü Azərbaycan ədəbiyyatının başlıca xüsusiyyətlərindən biri də müntəzəm olaraq ideoloji orqanlar tərəfindən idarə edilməsi, ədəbi fəaliyyətə direktivlərlə istiqamət verilməsi olmuşdur. Bunlardan ən başlıcaları kimi RK(b)P MK-nın (Rusiya Kommunist bolşevik Partiyası Mərkəzi Komitəsinin) "Partiyanın bədii ədəbiyyat sahəsindəki siyasəti haqqında" (1925) qətnaməsini, "Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında" (1932) ÜİK(b)P MK-nın qərarını, "Zvezda" və "Leninqrad" jurnalları haqqında" (1948) qərarını Azərbaycan KP MK-nın "Azərbaycan sovet ədəbiyyatının vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında" (1948) qərarını Sov.İKP MK-nın "Ədəbi-bədii tənqid haqqında" (1972) qərarını və bir sıra başqa siyasi direktivləri göstərmək olar. Xüsusən 1934-cü ildə keçirilən sovet yazıçılarının Birinci Ümumittifaq qurultayı tərəfindən müəyyən edilmiş sosialist realizmi bədii metodu yaradıcı sənətkarların əl-qolunu bağlayır, onları müəyyən qəliblər çərçivəsində yazmağa məcbur edirdi. "Zvezda" və "Leninqrad" jurnallarında sovet həyat tərzinin guya təhrif edilməsinin, ictimai həyatdakı nöqsanların qabardılmasının tənqidindən sonra isə, başqa SSRİ xalqları ədəbiyyatı ilə yanaşı, Azərbaycan ədəbiyyatında da "konfliktsizlik" üzərində qurulmuş bədii örnəklər yaranmağa başladı.

60-90-cı illərin ən mühüm ədəbi hadisəsi bir neçə qarabağlının da təmsil olunduğu "60-cılar" ədəbi nəslinin yaradıcılıq aləminə gəlişi oldu. Onların yaradıcılığında insanın daxili aləminə baxışın dərinləşdiyi xüsusilə qeyd olunmalıdır. 
Söz və fikir azadlığı, siyasi düşüncə sərbəstliyi, plüralizm, milli istiqlal, ictimai ədalət uğrunda ədəbiyyatda başlamış bu hərəkat - 70-90-cı illərdə davam etdirilərək, ən nəhayət, Azərbaycanın siyasi suverenlik, dövlət müstəqilliyi əldə etməsi ilə öz perspektiv məqsədlərini həyata keçirmiş oldu.
 XX əsrin ikinci yarısından fəaliyyət göstərən (daha doğrusu, yeni dövr ədəbiyyatını yaradan) Qarabağdan çıxmış yüzlərlə yazıçı, dramaturq, şair, publisist, alim və jurnalisti bu siyahıya əlavə etsək, Qarabağ torpağının Azərbaycan ədəbi fikrinə verdiyi gücü-qüvvəni təsəvvürə gətirmək çətin olmaz. Süleyman Rəhimov, Əli Vəliyev, İlyas Əfəndiyev, Bayram Bayramov, Sabir Əhmədov kimi nəhəng söz ustadları Mehdi Məmmədov, Əkbər Ağayev, Qulu Xəlili, Məsud Əlioğlu, Əlfi Qasımov, İsi Məlikzadə, Məcid Şamxalov, Cəmil Əlibəyov, Qasım Qasımzadə, Famil Mehdi, Teymur Elçin, Cahangir Gözəlov, Elçin, Çingiz Abdullayev, Yusif Kərimov, Şahmar Əkbərzadə, Vaqif Cəbrayılzadə (Vaqif Bayatlı Önər), Seyran Səxavət, Aqil Abbas, Əli Əmirov, Zakir Fəxri, Ənvər Əhməd kimi çox istedadlı yazıçı, şair və tənqidçilər, ədəbiyyatşünas dilçi alimlərimizdən Əkbər Bayramov, Tofiq Hacıyev, Kamran Məmmədov, Qəzənfər Kazımov, Kamil Vəli Nərimanoğlu, Arif Hacıyev, Fəridə Vəzirova, Rasim Tağıyev, Qədir İsmayılov, Arif Səfiyev, Vilayət Quliyev, İlham Rəhimli və s. ziyalılar Azərbaycan ədəbiyyatının, bədii fıkrinin, əbədiyyat elminin ən görkəmli simalarına çevrilmişlər və Azərbaycan ədəbiyyatını öz yaradıcılıqları ilə zənginləşdirib inkişaf etdirmişlər. 



Oxunub: 31489