Baş səhifə   » ƏDƏBİYYAT    » Qarabağ folklor mühitinin xüsusiyyətləri   

Qarabağ folklor mühitinin xüsusiyyətləri

  



Azərbaycan həm Şərqin, həm də dünyanın ən zəngin folklor sərvətlərindən birinə sahibdir. Azərbaycan ədəbiyyatı öz gücünü  qədim tarixə malik olan Azərbaycan şifahi xalq ədəbiyyatından alır. 
Azərbaycan bədii xalq yaradıcılığının ən mühüm qollarından birini də Qarabağ folkloru təşkil edir. 
Qarabağ ərazisi tarixi hadisələrin gedişatından asılı olaraq zaman-zaman dəyişsə də, Qarabağ ərazisi Araz və Kür qovuşandan (iki çayarası) Xuan qalasınadək, indiki Qırmızı körpü civarlarından Cermuxa qədər, Göyçə gölü sərhədlərində, o biri yandan isə Sisakan, Gorus, Mehri-Zəngəzur dağ silsiləsi boyunca Qarabağa daxil olmuş, qədim Aran-Arsaq ərazilərini əhatə etmişdir.
I minillikdə Qarabağ ərazisində Gəncə, Bərdə, Şəmkir, Beyləqan, Qarabağ kimi böyük şəhərlərin olmasının nəzərə alsaq, onda bu şəhər mədəniyyəti və ədəbiyyatının möhtəşəmliyi və qədimliyi təsəvvürə gəlir. Azərbaycanın hər yerində olduğu kimi, Qarabağ ərazisində də ilk ədəbi nümunələri el şairləri yaratmış və bu öz əksini folklorda tapmışdır. 
Azərbaycan türk-oğuz folklorunun elə janrları var ki, sırf şəkildə Qarabağ regionu ilə bağlıdır. Qorqudşünaslar "Dədə Qorqud" dastanına diqqət yetirdikdə açıq-aydın görünür ki, boylardakı hadisələrin əksər hissələri Qarabağ ərazisində baş vermiş və dastanda adı çəkilən yer adlarının - toponimlərin bir qismi tarixən də, indinin özündə də, Qarabağda olmuşdur. Tədqiqatlar sübut edir ki, Dədə Qorqud yaradıcı şəxsiyyətinin Qarabağ ərazisi ilə sıx əlaqəsi olmuşdur. 

Növlər və janrlar
Qarabağ folklorunda  şifahi xalq yaradıcılığının bütün janrları öz əksini tapmış, bir-biri ilə üzvü surətdə əlaqəli olaraq nəsildən-nəslə keçmiş, əksəriyyəti günümüzə kimi gəlib-çatmışdır. İstər şifahi söz yaradıcılığının kiçik janrlar, istərsə də epik və lirik üslubda yaradılmış nümunələr regionun coğrafi mənzərəsini, təbiətini, orada yaşamış əcdadların ilkin həyat və məişətini, inam və etiqadlarını, adət-ənənələrini əks etdirir. 
Qarabağa aid inam-etiqadlar, sınamalar-yozumlar, ovsunlar, xeyir-dualar, andlar, alqışlar, qarğışlar, yalvarışlar və s. kimi ilkin bədii təxəyyül örnəklərinin ideya-məzmun xüsusiyyətlərində ibtidai icma dövrünün izləri açıqca görünür.
«Yer haqqı», «Göy haqqı, «Bu Günəşə kor baxım yalan deyirəmsə», «And olsun bu suyun salavatına», «And olsun bu suyun üzünə», «And olsun bu axar suya», «Bu işıq haqqı», «Bərəkətə and olsun», «Çörək haqqı», «Ocaq haqqı», «And olsun anamın (atamın) üz qoyduğu torpağa», «O işıq gözümü töksün ki», «And olsun səninlə kəsdiyim duz-çörəyə», «Anamın südü haqqı» kimi ümumi səciyyəli andlardan belə məlum olur ki, bu yerlərdə torpaq, od, ocaq, su, göy, işıq, çörək, bərəkət, ana südü tarixən müqəddəs hesab edilmişdir.
 Qarabağda dörd ünsür - suya, oda, torpağa, havaya sitayiş qədim əcdadlarımızın arzu-istəyinin ifadəsi kimi bu gün də birbaşa və semantik mahiyyətini qoruyub-saxlayır.

Əfsanələr və rəvayətlər
Digər etnoslar kimi, Qarabağın köklü əhalisi də bütün tarixi dövr ərzində həyatında baş vermiş mühüm hadisələrə düzüb-qoşduğu əfsanə və rəvayət və nağıllar vasitəsilə münasibət bildirmişdir. Onların mövzu və məzmunu əsasən Tanrı, insan və kainatın sirli sonsuzluğu, varlığın törənişi, yaxşılıqla pisliyin, xeyirlə şərin münasibəti və mübarizəsi ilə bağlıdır ki, bütün bu motivlər də yerli milli özünəməxsusluğun ifadəsinə gətirib çıxarır. 
Məlumdur ki,  xeyir-şər qarşılaşması motivi ümumiyyətlə Azərbaycan şifahi və yazılı ədəbiyyatında geniş yayılmışdır. Həmçinin xeyrin şər üzərində qələbəsi söz sənətinin başlıca məramına xidmət göstərmişdir. Belə bir ənənəviliyin yaranmasında və qorunmasında Qarabağ əfsanələrinin və nağıllarının da özünəməxsus rolu vardır. Təsadüfi deyildir ki, Y.V.Çəmənzəminli, M.H.Təhmasib, M.Seyidov və başqaları folklor süjetlərində mif, əsatir, əfsanəvi rəvayət izləri axtararkən Qarabağla bağlı bir sıra əsatirlə yoğurulmuş əfsanə və rəvayətləri də tədqiq etmişlər.
Qarabağ əfsanələrini, nağıllarını məzmun və ideyasına görə üç qrupa bölmək olar:
1) Sehrli qüvvələr haqqında.
2) Təbiət hadisələri və möcüzələri haqqında.
3) İnsanların məişəti və taleləri haqqında.
Sehrli nağıl rəvayətlərdə sehr, əfsun, cadu, cin, tilsim, hal anası, əzrayü, əjdaha, əhrimən və s. kimi mifik obrazlar fantastik qüvvələr özünə yer tapır, onların qəddarlığı və amansızlığı haqqında təsəvvür yaradılır, təmiz və məsum insanların onların əlində məhv olması göstərilir. Simurq quşu, dirilik suyu, solmaz çiçəyi, fövqəlqüvvəyə malik nurani kişi və s. kimi mifik obrazlar vasitəsilə, Tanrıya inam motivi ilə isə xeyir qüvvələrin haqqın tərəfində durması, bir təsadüf nəticəsində də olsa, zülmə məruz qalanın müdafiəsinə yetişib onu xilas etməsi ideya-fikri aşılanır.
Qarabağın tarixi rəvayətlərində uzaq keçmişdə hündür boylu, iri gövdəli uzuxların (oğuzların) yaşaması, özü də yüz illərlə ömür sürməsi təsvir edilir. Uzux-oğuz igidlərinin təmkinli, dəyanətli olmasından, düşmən qarşısında əyilməzliyindən, basılmazlığından bəhs olunur. Onların oda, suya, dağa, havaya ehtiram göstərməsi, səmanı, torpağı yaradanı «yerin-göyün tanrısı» adlandırması aydınlaşır. Bu baxımdan, bu gün də Qarabağda uşaqların qurşaq tutub güləşərkən: «Mən uzux oğluyam, devlər padşahıyam», «Qoç başı, qoyun başı» - deyərək özünü öyməsi, «Oğuz haqqında rəvayət», «Oğuz möhkəm adam deməkdir» adlı bayatı-rəvayət və digər örnəklər Qarabağın çox uzaq keçmişini yada salır.
Oğuz haqqında əfsanə və rəvayətlərin yaranma tarixinin eramızdan əvvəl VII-VIII əsrlərə - Şərqdən Qərbə güclü axınlarla gələn saq-skif tayfa birləşmələrinin tarixi dövrünə təsadüf etdiyi qeyd edilir. Lakin erməni saxtakarları, eləcə də, Azərbaycanda və onun qədim tarixi torpaqlarından olan Qarabağda Azərbaycan türklüyünün köklülüyünə, qədimliyinə qarşı çıxan digər qərəzli qüvvələr saq-skif tayfa birləşmələrinin aşkar türkçülüyünü inkar edirlər.
 
Nəğmələr
Qarabağ nəğmələri yüksək poetik-estetik dəyər və xüsusiyyətləri ilə ədəbiyyatımızın nəinki şifahi, həm də yazılı örnəkləri sırasında məxsusi yer tutur, müxtəlif ayin, etiqad, görüş və adət-ənənələri, tarixi olayların hiss və həyəcanlarını özündə əks etdirməklə, qədim türk məişət və mədəniyyətinin yaddaş daşıyıcısı kimi böyük maraq doğurur, Qarabağ dialekti də ifa, ləhcə, intonasiya xüsusiyyətləri ilə özünəməxsusluq özəlliklərini və gözəlliklərini artırmış olur.

Lətifə yaradıcılığı
Folklor araşdırıcıları Qarabağ şifahi ədəbi ənənələrinin lətifə, gülməcə, elatdodaqqaçdı yaradıcılığı ilə də zəngin olduğunu, yüksək zövqə, zəngin söz ehtiyatına malik qarabağlıların zərif yumordan, kəsərli satiradan yerli-yerində istifadə etmək məharəti qazandıqlarını bildirirlər. Qarabağın adamları bir sıra məhrumiyyətlərə dözüb tab gəlirdikləri kimi, ürəkdən gülməyi, şadlanmağı, zəmanənin mənfiliklərinə tənqidi nəzərlə baxmağı da bacarmışlar. 
Novruz şənliklərində «Kosa-kosa», cıdır, gözbağlıca, kəndirbaz, sehrbaz kimi meydan tamaşaları göstərməklə yanaşı, gülməli əhvalatlar söyləmək vasitəsilə insanları sevindirmək zaman-zaman el bayramına xüsusi təravət vermişdir. Novruzda təkcə oyunbazlar, təlxəklər, hoqqabazlar yox, bu və ya digər dərəcədə hamı məzhəkəli oyun-tamaşaların iştirakçısına çevrilir, deyib-gülür, zarafatlaşır. 

Bayatılar
Qarabağ bayatı yaradıcılığında ənənəvi forma və məzmun vəhdətinin qorunub-saxlanması folklor mühitinin təbii-tarixi xüsusiyyətlərindən biri kimi çıxış edir. 
Hələ XVIII əsrdə M.V.Vidadi dostu M.P.Vaqiflə saz-söz deyişməsində göstərirdi ki, Qarabağın eli-obası məclislərində xoş oxunan, həzin və dərin mənası ilə ox kimi bağrı dələn bayatılarla nəfəs alır.

Aşıq yaradıcılığı 
Qarabağda şifahi söz sənətini aşıq yaradıcılığından kənarda təsəvvür etmək mümkün deyil. Aşıq yaradıcılığı ümumiyyətlə, Azərbaycan folklorunda «əlahiddə» hadisədir və o, folklor yaradıcılığının tərkibində olmaqla bərabər, folklorun informasiya yükünün xeyli hissəsini öz çiyinlərində daşıyır. Xüsusən də, dastançılıq ənənələrinin davam etdirilməsində aşıq yaradıcılığı əvəzsiz rol oynayır. Belə sıx bağlılıq və uyarlıq Azərbaycanın qədim torpaqlarmdan olan Qarabağm folklor mühitində də özünü göstərməkdədir: Qarabağ tarixən ozan-qopuz, daha sonralar isə aşıq-saz diyarı kimi də tanınmışdır. 
Qarabağ mühitində aşıqlığın XVI-XVIII əsrlərdə çiçəkləndiyi, dərin ürfani-estetik köklərə, xüsusən də təriqət ənənəsinə bağlılığı qeyd olunur. Ötən müddətdə burada aşıq məktəbləri formalaşmış, bir çox aşıqlar «haqq aşığı», «ustad aşıq» titulunu qazanmışdır. 
Qarabağ aşıq məktəbinin ən böyük ustadlarından biri də Aşıq Pəri olmuşdur. Firidun bəy Köçərli onun bilikli, gözəl bir xanım olduğunu yazırdı. Aşıq məclislərində böyük hörmətə sahib olub. Şairlər onun gözəlliyini öz şeirlərində vəsf etmişlər.
Qarabağda yetişən aşıq-ozanlardan biri də Aşıq Valeh Gülablıdır. Onun yenilməz bir saz və söz ustadı kimi deyiş meydanlarında dəfələrlə sınanaraq qalib olduğu təsdiqlənmişdir. Buna misal "Valeh və Zərnigar" dastanı və onun qocalıq vaxtı İranda rəqibini bağlamasıdır.



Oxunub: 43105