Baş səhifə   » MEMARLIQ    » Qarabağda xristian abidələrinin əsas əlamətləri   

Qarabağda xristian abidələrinin əsas əlamətləri

  



Azərbaycanın ən qədim yaşayış məskənlərinin də yerləşdiyi və ayrılmaz tərkib hissəsi sayılan Qarabağ ərazisində arxeoloji abidələrdən başqa xeyli yerüstü xristian abidələri tədqiq edilmişdir. Onlar çiy kərpic, çay daşı, əhəngdaşı və sonralar kərpiclə tikilmiş məbədlərdən ibarətdir. Bu növ abidələrin tikintisinə ilk orta əsrlərdən başlanmış, orta əsrlərdə də davam etdirilmişdir. Belə abidələrə Qarabağın Bərdə, Ağcabədi, Ağdam, Füzuli, Ağdərə ərazisində, habelə Laçın və Kəlbəcərdə rast gəlinmişdir. Bu məbədlərdən ən məşhuru Qanzasar, Amaras və Yelisey məbədləridir. Onu da qeyd etmək lazımdır ki, albanlara məxsus xristian abidələri Azərbaycanın digər ərazilərində də (Qəbələ, Naxçıvan, Mingəçevir, Şamaxı) mövcuddur.
Ermənilərin iddialarına baxmayaraq, həmin abidələrin alban mənşəli olduğu və həmçinin ermənilərlə heç bir bağlılığı olmadığı dəfələrlə sübut edilmişdir. 
Qarabağın dağlıq hissəsində (Dağlıq Qarabağ ərazisində) yaşamış qədim insanların diş-çənə sümüklərinin analizi nəticəsində öyrənilmişdir ki, orada tarixən yaşamış insanlarla indiki ermənilərin heç bir etnik bağlılığı yoxdur. Həmin analizlərin nəticəsində sübuta yetirilmişdir ki, Qarabağın qədim sakinləri indiki azərbaycanlıların əcdadlarıdır. Deməli, ermənilərin Qarabağ ərazisindəki abidələrə iddiaları əbəsdir.

Qarabağ abidələrinin ermənilərə məxsusluğuna aid gətirilən yeganə fakt bu abidələr üzərindəki yazılardır, lakin bu hal həmin abidələrin etnik məxsusluğunu sübut etmək işində əsas ola bilməz. Əvvəla məlumdur ki, orta əsrlər boyunca Avropa ölkələrində latın dili elmi dil olmuşdur. İkincisi, elmi ədəbiyyatda məlumdur ki, Albaniya ərazisi I-VI əsrlərdə Arşaki, VII-VIII əsrin əvvəllərinədək Mehrani sülalələrinin hakimiyyəti altında olmuşdur. Həmin dövrdə alban yazısı və alban-arran dili hökm sürürdü. Burada erməni dilinə nə ehtiyac, nə də yer var idi. Abidələrin üzərindəki erməni yazıları isə bir qayda olaraq sonradan, saxtalaşdırmaq məqsədilə qoyulmuş izlərdir.
Erməni tarixşünaslığında artıq çoxdan belə bir nöqteyi-nəzər var ki, guya Dağlıq Qarabağ ərazisi Ermənistanın ayrılmaz hissəsidir. Bu planlı və "məqsədəyönlü" tədbirin əsası keçən yüzillikdə erməni alimləri (M.Çamçiyan, K.Şahnazaryan, İ.Emin, K.Patkanov və b.) tərəfindən qoyulmuşdur. Bütün erməni şərqşünas tarixçiləri indiyəcən həmin mövqelərdən çıxış edirlər. Bu regionun əsas əhalisi gəlmə ermənilərdən fərqli olaraq mənşə, dil və mədəniyyət etibarı ilə min illərlə Böyük Qafqazla Araz arasında yaşamış müxtəlif yerli türk və digər Qafqaz etnik qurumları ilə sıx surətdə bağlı olmuşdur. Qarabağda erməni elementinin miqdarca xeyli dərəcədə artması 10 minlərlə xarici ermənilərə sığınacaq (XIX əsrdə), sonralar isə Sovet hökuməti dövründə muxtariyyət verilməsi ilə bağlıdır. Məlum məsələdir ki, XIX əsrə qədər Qarabağda heç bir zaman o qədər də çox erməni etnik kütləsi olmamışdır. Bunu Qarabağda Ağdərənin Marağa kəndində Qarabağa ilk 200 ailənin (İranın Marağa şəhərindən) köçürülməsi şərəfinə 1978-ci ildə ermənilərin özlərinin qoyduqları abidə də əyani şəkildə sübut edir.



Oxunub: 28725