Baş səhifə   » MEMARLIQ    » Qarabağın memarlığı haqqında    » Qədim dövr   

Qədim dövr

  


Bəşər sivilizasiyasının meydana gəldiyi ərazilərindən biri də Azərbaycanın ayrılmaz guşəsi olan Qarabağ ərazisidir. Buna səbəb ilk növbədə insanların yaşaması üçün mülayim və münasib təbii şərait olmuşdur. Ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Qarabağda yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar və onlardan biri də memarlıqdır.
Qarabağ ərazisində aparılmış arxeoloji tədqiqatlar nəticəsində sivilizasiyanın ən qədim dövlətlərinə aid Azıx mağarasında paleolit dövründə yaşamış ibtidai insanların düşərgəsi tapılmışdır. Mağarada ibtidai insanın qalığı, əmək alətləri ilə yanaşı, iri qaya parçalarından inşa olunmuş yaşayış tikintisinin bünövrəsi aşkar edilmişdir. Ehtimal ki, tikinti bəşər memarlığın ən gədim nümunələrindəndir.
Mağara tipli yaşayış binalarının sonrakı inkişaf mərhələlərində daş hörgüdən əvvəllər küyülün ön və yan divarlarında, sonra isə arxa tərəfində istifadə olunmuşdur. Tədricən mənzil divarlarının daş hörgü ilə əvəz olunması və insanların bu hörgü ilə bağlı inşaat mədəniyyətinin təkmilləşməsi binaların qazma və yarımqazma formasından yerüstü inşa formasına gətirib çıxarmışdır.
Öz başlanğıcını süni mağaralardan almış belə binalar uzun bir tarixi inkişaf prosesi keçmiş və memarlıq tarixində "Qaradan" adı ilə məşhurlaşmışdır. Azərbaycan ərazisi müxtəlif təbii-coğrafi şəraitə və iqlim qurşaqlarına malik olduğu üçün burada inşa edilmiş qaradanlar da tədricən yerli iqlim şəraitinə uyğunlaşdırılaraq müxtəlif memarlıq-planlaşdırma xüsusiyyətlərinə malik olmuşdur. Adətən belə evlərdə insanlara məxsus olan ev heyvanları da saxlanılırdı. Tarixi məlumatlara görə Qarabağda qaradanlardan XX yüzilliyin əvvəllərinə qədər istifadə edilmişdir.
Ümumiyyətlə, islamdan öncəki və sonrakı dövrlərdə Azərbaycan ərazisində inşa edilmiş alban tikililəri memarlığın inkişafında önəmli rol oynamışdır. Bu abidələrdən Dağlıq Qarabağın Xocavənd rayonunun Qarakənd kəndində Alban kilsəsi (I yüzil), Sos kəndində (IV yüzil), İatsi kəndində (V, VII və VIII yüzillərə aid 4 məbəd), Taqaverd kəndində (675), Güneyçartar kəndində (1236) alban məbədləri, Ağdərə rayonunun Aterk (V yüzil), Kolatağ (614), Qoçoqot (672, 698), keçmiş Dostahir (713), Qasapet (718), Çaldıran (XII yüzil) kəndlərində, eləcə də Yuxarı Qarabağın başqa bölgələrindəki Susanlıq (IV-VI yüzillər), Vanq (IX yüzil), Traxtik (1094), Tsakuri (1131), Məmmədadzor (1147), Tuğ (1197) kəndlərində, Əsgəran rayonunun Şuşikənd (905), Çanaqçı (1065 və 1100), Xaçmaç (1100), Xantsk (1122), Xındırıstan (1202) kəndlərində alban məbədləri dövrümüzədək mühafizə olunmuşdur.
Tarixi faktların araşdırılması göstərir ki, hələ eramızdan əvvəl Qarabağ ərazisində maldarlıq, əkinçilik və sənətkarlıqla məşğul olan türk və alban tayfaları yaşamışlar. Bu barədə “tarixin atası” sayılan Herodotun və digər antik müəlliflərin əsərlərində və tarixi mənbələrində kifayət qədər məlumat vardır. 
Qarabağ ərazisi eramızdan əvvəl IV əsrin əvvəllərində Bizans imperiyasının təsiri altında Zaqafqaziyada xristianlıq yayılmağa başladığı dövrdə xristian dini Qafqaz Albaniyasının rəsmi dövlət dininə şevrilmişdi. Bununla əlaqədar ölkədə xristian memarlığı üslubunda kilsələr, məbədlər tikilirdi. VII əsrdə ərəblər Qafqaz Albaniyasını işğal etdikdən sonra alban tayfaları arasında islam dinini yaymağa çalışırdılar. Ərəb işğalçılarına qarşı baş verən üsyanlar nəticəsində işğalçılar cəza tədbirlərinə əl atır, alban kilsə və məbədlərini dağıdırdılar. 1940-cı illərdə Mingəçevir hidroelektrik stansiyası tikilərkən arxeoloqlar orada dağıdılmış alban məbədlərinin qalıqlarını aşkar etmişdilər. Təzyiqlərə və təqiblərə baxmayaraq, islam dinini əhalinin heç də hamısı qəbul etməmişdi. Bəzi alban tayfaları, xüsusilə Qarabağın dağlıq hissəsində yaşayan tayfalar xristian dininə sadiq qalmışdılar. Qarabağdakı bir sıra alban xristian abidələri bu tarixi həqiqətlərdən bixəbər olan adamlara qəribə görünsə də, xalqımızın milli mədəniyyətinə aiddir. Bunlardan Kəlbəcər rayonundakı Xocavənd monastr kompleksini (VI-VII əsrlər), Laçın rayonundakı Ağoğlan monastr kompleksini (IX əsr), Amaras monastr kompleksini (IV-IX-XII əsrlərdə), müqəddəs Yelisey məbədi kompleksini (V-XIV əsrlər) və s. göstəmək olar. Uzun illə Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmiş alimlərin fikrincə, bu abidələr bir şox xarakterik xüsusiyyətlərinə və memarlıq planlaşdırma üslublarına görə erməni dini memarlıq abidələrindən tamamilə fərqlənir.
Qafqaz Albaniyasının tərkib hissəsi olan Aşağı və Yuxarı Qarabağ ərazisində xristianlıq dövrünə aid bir çox abidələr var. Bu abidələr həm Azərbaycan islamı qəbul edəndən öncə, yəni VII əsrdən əvvəl, həm də XII-XIII əsrlərdə - intibah dövründə tikilib. Bu abidələrdən bir çoxu Tərtər çayı boyunca yerləşir. Onlardan biri Müqəddəs Yenisey monastrıdır. Bu monastırın adı da elə alban tarixi ilə bilavasitə bağlıdır. Bu monastırda vaxtilə alban çarı III Vaçaqanın qəbri olmuş, sonradan ermənilər tərəfindən dağıdılmış, başqa yerlərə daşınmışdır.
Daha bir abidə Müqəddəs Yakob monastırıdır. Bu da bizim eranm IV-VI əsrlərində əsası Qarabağda qoyulmuş ən qədim monastırlardan biridir. Alban tarixi ilə sıx bağlıdər. Digər alban abidəsi isə Xudavəng adlanır. Erməni tədqiqatçıları bu abidəni də özününküləşdirib "Xotovanq" adlandırıblar. Əslində isə Xudavəng adlanan abidənin əsası eramızın I əsrində qoyulub. Alban knyazlıqlarının birləşdirilməsində çox mühüm rol oynayıb. Bu abidənin yanında çox qədim bir monastır - Amares monastrı yerləşir. Bunlar hamısı Albaniyanın tarixi ilə sıx bağlı olan memarlıq abidələridir. Çox təəssüf ki, bunlar da Şuşadakı abidələr kimi düşmən tapdağı altındadır.



Oxunub: 46043