Baş səhifə   » MÜNAQİŞƏ İƏT-də    » Təcavüzkarı tanıyan ilk təşkilat   

Təcavüzkarı tanıyan ilk təşkilat

  



Ermənistanın Azərbaycana qarşı təcavüzünü ilk dəfə açıq şəkildə tanıyan və pisləyən beynəlxalq təşkilat İslam Konfransı Təşkilatıdır (İKT). Azərbaycan Respublikası 1991-ci il dekabrın 8-dən İKT-nin üzvüdür.
1992-ci ilin iyun ayında İstanbulda keçirilmiş İKT Xarici İşlər Nazirlərinin 5-ci fövqəladə konfransı, Ermənistanın Azərbaycana qarşı son hücumlarını və Azərbaycan ərazilərinin işğalını qətiyyətlə pisləyərək, BMT Baş Katibindən və
Təhlükəsizlik Şurasının Sədrindən Azərbaycanın işğal edilmiş bütün torpaqlarından erməni qüvvələrinin çıxarılmasını tələb edən qətnamə qəbul edilməsini xahiş etdi.
1993-cü il aprelin 25-29-da Pakistanın Kəraçi şəhərində keçirilən İKT-nın Xarici İşlər Nazirlərinin 21-ci konfransında isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə qəbul edildi. Qətnamənin birinci maddəsində
qeyd olunurdu ki, İKT Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünü kəskin şəkildə pisləyir. Qətnamənin ikinci maddəsində erməni qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən təcili çıxarılmasına və Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət bəsləməsi Ermənistandan ciddi surətdə tələb olunurdu. Daha sonra İKT Azərbaycan hökumətinin və xalqının öz ölkəsinin müdafiəsi üçün etdiyi cəhdlərlə həmrəy olduğunu bir daha təsdiq edir, İslam İnkişaf Bankından və digər islam təşkilatlarından Azərbaycana təcili maliyyə yardımı və humanitar yardım göstərməyi xahiş edirdi.
İKT-nin Ermənistanın təcavüzünü pisləyən bu prinsipal mövqeyi təşkilatın sonrakı sənədlərində də, o cümlədən, 1994-cü il dekabrın 13-14-də Mərakeşin Kasablanka şəhərində keçirilən 7-ci zirvə toplantısının qətnaməsində də öz əksini tapmışdır.
(qeyd: 28 iyun 2011-ci ildə Təşkilata üzv olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının qərarı ilə təşkilatın adı İslam Əməkdaşlıq Təşkilatına (İƏT) dəyişdirilib)



Oxunub: 35038